Avropa Komissiyası 18-ci sanksiyalar paketində Rusiya neftinin satış qiyməti üçün həddin daha da endirilməsi (60 dollardan 45 dollara) və daha 22 Rusiya bankının SWIFT-dən çıxarılmasını təklif edib. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen məlumat verib.
Onun sözlərinə görə, Rusiya neftinin satış qiymətinin həddinin aşağı salınması məsələsi hələ G7 sammitində müzakirə ediləcək.
Avropa Komissiyası həmçinin "Şimal Axını"nın fəaliyyətini qadağan etməyi, Rusiyanın "kölgə donanması"nın daha 77 gəmisini sanksiyalar siyahısına salmağı, Rusiyaya yardım edən üçüncü ölkələrə sanksiyaların tətbiqini və Rusiya xammalından istehsal olunan neft məhsullarının ixracını yasaqlamağı təklif edir.
Ursula Fon der Lyayen deyib ki, Rusiyanın məqsədi sülh deyil, ona görə də Avropa Komissiyası Rusiya hökumətinə qarşı təzyiqi artırmaq üçün 18-ci sanksiya paketini qəbul edir.
Avropa İttifaqı 17-ci sanksiya paketini mayın 20-də qəbul edib. Həmin paketə Rusiyanın "kölgə donanması"nın 200-ə yaxın tankeri, sanksiyalardan yayınan 30 şirkət və hərbi sənaye kompleksi ilə əlaqəli 75 fiziki və hüquq şəxs daxil idi.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.