İran Azərbaycana yeni səfir təyin edib

İran

İranın ISNA xəbər agentliyi yazır ki, İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya şöbəsinin baş direktoru Müctəba Dəmirçilu bu ölkənin Azərbaycana yeni səfiri təyin edilib.

Bundan əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi idi və onun səlahiyyət müddəti 2024-cü ilin martında başa çatmışdı.

İran XİN-in sözçüsü İsmail Bəqayi iyunun 2-də keçirdiyi mətbuat konfransında İranın Azərbaycana yeni səfir təyinatı ilə bağlı sualı cavablandırarkən deyib: "Bizim Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz çox həssas və vacibdir. Azərbaycan Respublikasına gəlincə, inzibati proses tamamlanıb, şəxs seçilib. O, təcrübəli və tanınmış diplomat və Avrasiya regionu üzrə ekspertdir".

Xatırlatma

Son zamanlar İran-Azərbaycan diplomatik münasibətlərində yaxınlaşma müşahidə olunur. Apreldə İran prezidenti Məsud Peşezkian Azərbaycana səfər edib.

Ancaq öncəki illərdə Bakı və Tehranın bir-birinin sərhədinə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurub. 2023-cü il yanvarında isə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin əməkdaşları arasında ölən və yaralananlar olub. Bu hücum iki qonşu ölkə arasında münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb olub. İran bu ilin mayında bildirib ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş ölümcül hücumda təqsirli bilinən şəxs edam edilib.