Yaxın Şərqdə gərginlik Azərbaycana necə təsir edə bilər?

Sizin brauzer HTML5-i dəstəkləmir

Vaşinqton-Tehran gərginliyi və Azərbaycan 'iki od arasında'

Vaşinqton və Tehran arasında artan gərginlik istər təhlükəsizlik, istərsə də iqtisadi baxımdan İranın qonşuluğundakı Azərbaycana necə təsir edə bilər? İran və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Tehranın mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar hələ ki nəticə verməyib. ABŞ Yaxın Şərqdəki diplomatlarının sayını azaltmağa hazırlaşdığını bildirib.

Bu da səbəbsiz görünmür. Artıq İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki, hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

Rəsmi Tehran da İsrailə cavab veriləcəyini açıqlayıb.

"Tramp müharibə istəmir"

Siyasi şərhçi Kamran Cəfərov bu hərbi zərbələrdən öncə vurğulayıb ki, ABŞ hər nə qədər sərt mesajlar versə də, faktiki olaraq regionda genişmiqyaslı münaqişəyə getməkdə maraqlı deyil . Şərhçi xatırladıb ki, Tramp administrasiyası 2018-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə Almaniyanın (5+1) imzaladığı nüvə sazişindən birtərəfli qaydada imtina etdi, lakin bu gün imzalamaq istədikləri müqavilə əslində elə həmin sənədə oxşayır: "Misal üçün Bayden administrasiyası niyə Obamanın nüvə sazişinə qayıda bilmədi? Çünki İran Bayden dövründə daha sərt şərtlər irəli sürdü. İndi də oxşar durumdur. Tramp istəyir, İranın nüvə potensialını maksimum nəzarətə alsın və məhdudlaşdırsın. İran nəzarəti azaltmaq istəyir. İsrail isə, bir tərəfdən, narazılıq bildirir və deyir ki, məhdudiyyətlər sərt olmasa, İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırıq. Tramp bu məsələdə maraqlı deyil, Tramp müharibə istəmir. Bu, Trampın siyasi xəttinə ziddir. Bundan əlavə İranla hərbi qarşıdurma, İran nüvə obyektlərinə hücum neft qiymətlərinə təsir edəcək, neft qiymətlərinə təsir isə ABŞ daxilində benzin qiymətlərini artıracaq".

ABŞ və İran arasındakı gərginliyin artması fonunda neft də bahalaşır.

Rövşən Məmmədli

“İki od arasında"

Regional təhlükəsizlik məsələləri üzrə tədqiqatçı Rövşən Məmmədli deyir ki, Azərbaycan bu qiymətlərin artmasından yararlanır, lakin müharibə onun marağında deyil: "Bu, iki od arasında qalmaqdır. Həm qonşusu böyük İran, həm də ən böyük mütəffiqlərindən biri İsrail arasında sıxışıb qalmaqdır. Azərbaycan hakimiyyəti üçün ən arzuolunmaz ssenarilərdən biridir. Bir sıra şərhçilər fikirləşirlər ki, İrana qarşı hücum olarsa, Azərbaycan ərazisindən istifadə oluna bilər. Azərbaycan üçün bir sıra risklər var. Böyük müharibə olacağı təqdirdə qaçqın axını ola bilər. Qeyd etdiyim kimi, Azərbaycan ərazisindən istifadə oluna bilər, Azərbaycan hakimiyyəti izn verməz, verərsə, legitim hədəfə çevrilə bilər".

Son zamanlar İran-Azərbaycan diplomatik münasibətlərində yaxınlaşma müşahidə olunur. Apreldə İran prezidenti Məsud Peşezkian Azərbaycana səfər edib. Azərbaycan diplomatik nümayəndəliyinə iki il öncə hücum edən şəxs edam edilib. İkitərəfli təyyarə reysləri artırılıb. Azərbaycanla İran Araz üzərindən nəqliyyat körpüsü tikirlər.

Amma bütün bunlarla belə, Bakı və Təl-Əvivin münasibətləri daha stratejidir, Azərbaycan İsrailin neftə ehtiyacının 40 faizini təmin edir. Əvəzində isə 2016–2021-ci illərdə silahlarının 69 faizini İsraildən alıb.

ABŞ prezidenti Donald Trampın hakimiyyətə qayıdışından sonra Azərbaycan prezidenti ilə telefonla danışıb, Əliyev onun haqqında xoş sözlər deyib, əvvəlki administrasiya dövründə pozulan münasibətlərin düzələcəyinə inandığını bildirib.

Kamran Cəfərov deyir ki, əslində İran Azərbaycan üçün, yumşaq deyilsə, dost ölkə deyil: "Bunu rəsmi Bakı da gözəl bilir. Gərginliyi aradan qaldırmaq üçün müəyyən addımlar atılır. İsrail isə strateji tərəfdaşıdır. Ciddi qarşı durma olarsa, Azərbaycan açıq mövqe tutmayacaq, çünki İranla həmsərhəddir, amma kənarda da qalmayacaq... Neftin qiyməti qalxacaq, İranda etnik milyonlarla türk yaşayır, onların müəyyən qisminin axını baş tutacaq".

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri. 28 aprel 2025

"Azərbaycan özünün balanslaşdırılmış siyasətinə sadiq qalacaq"

Amma Azərbaycan hakimiyyətinin təmsilçiləri, onun mövqeyini bölüşənlər israrla ölkənin müstəqil siyasət yürütdüyünü bəyan edirlər. Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli deyir ki, Azərbaycan özünün balanslaşdırılmış siyasətinə sadiq qalacaq: "Bir neçə regional gücün qovşağındakı münasibətləri balanslaşdıraraq bu xarici siyasəti yürütmüşük".

İyunun 15-də İranla ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi. Amma bu, deyəsən, baş tutmayacaq. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Ələddin Borucerdi bildirib. Onun sözlərinə görə, İsrailin hücumlarından sonra ABŞ ilə danışıqların altıncı raundu keçirilməyəcək.

"İsrail İranda rejim dəyişikliyinə nail olmağa çalışır"

Siyasi təhlilçilər artıq hərbi əməliyyatların başlamasından sonra da fikirlərini bildirməyə başlayıblar. Siyasi şərhçi Xəqani Cəfərov Facebook səhifəsində qeyd edib ki, artıq İranda bir çox yüksəkrütbəli hərbiçilər və məsul şəxslər həlak olublar. Onun fikrincə, İsrail İranda rejim dəyişikliyinə nail olmağa çalışır.

X.Cəfərov hesab edir ki, Azərbaycan xalqı taleyinin ən məsuliyyətli dövrlərindən birinə daxil olub. Onun gəldiyi nəticəyə görə, İrandakı Azərbaycan əsilli insanların qorunması üçün Azərbaycan Respublikası bütün addımlara hazır olmalıdır. O hesab edir ki, İranda Azərbaycan əsilli insanların yaşadığı şəhərinin və dinc əhalinin təhlükəsizliyi ilə bağlı cəmiyyətin narahatlığını İsrail və ABŞ-a çatdırılmalıdır.

Bəzi təhlilçilər də yazırlar ki, İran İsrailin hücumuna illər idi hazırlaşırdılar. Onların vurğulamasına görə, müdafiə məqsədi ilə Rusiyadan müəyyən hərbi dəstək də alınmışdı. Amma onların fikrincə, hərbi zərbələr İranın özünü lazımi səviyyədə qorumaq gücündə olmadığını ortaya çıxartdı.

Elxan Şahinoğlu

"İsrailin istəklərindən biri də budur"

"Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, İsrailin İranın hərbi mərkəzlərinə zərbələri gözlənilən idi. O vurğulayır ki, İranın ali dini lideri Əli Xamenei nüvə məsələsi ilə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinə idi.

E.Şahinoğlu xatırladır ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) də İran əleyhinə qətnamə qəbul etmişdi: "Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulandı. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirmədi. ABEA-nın baş direktoru Rafael Qrossi bəyan etdi ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib".

Onun fikrincə, İsrail hava zərbələrinə ara verməyəcək: "İsrailin əsas məqsədi İranın nüvə silahı ələ etmək imkanından məhrum etməkdir. Bu, baş verməyənə qədər İsrailin hava zərbələri davam edəcək. İran da İsrailə cavab zərbələri endirməyə çalışacaq. Ancaq İranın İsrailə zərbələrinin elə böyük effekti olmayacaq".

E.Şahinoğlu düşünür ki, bu müharibə nəticəsində İrandakı proseslərin iki istiqamətdə inkişafı mümkündür. Onun gəldiyi nəticəyə görə, İraqla müharibədə olduğu kimi, rejim ölkədə yaşayan xalqları birgə mübarizəyə kökləməyə çalışacaq: "Ancaq hadisələrin ikinci istiqamətdə inkişafı da mümkündür. Müharibə nəticəsində İranda mərkəzdənqaçma meylləri güclənə bilər. İsrailin istəklərindən biri də budur. Azərbaycan İrandakı hadisələrin müxtəlif ssenariləri üzrə inkişafına hazır olmalıdır. İrandakı soydaşlarımız müharibədən qorunmaq üçün Türkiyə və Azərbaycana üz tuta bilərlər. Bu halda soydaşlarımıza sığınacaq verməli olacağıq".

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycanda təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yaranıb: "İranın mühafizəkar dairələri radikallaşaraq ABŞ və İsraillə əməkdaşlıq edən bölgə ölkələrinə qarşı addımlar ata bilərlər".