Azərbaycan XİN Putinin köməkçisinə cavab verib

Vladimir Medinski

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 9-da Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin "Russia Today" kanalına müsahibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

XİN vurğulayıb ki, Rusiya Federasiyası prezidentinin köməkçisinin "keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən" açıqlaması təəssüf və təəccüb doğurur.

XİN-ə görə, təəssüf ki, V.Medinski Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. "Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib", - açıqlamada əlavə edilib.

Azərbaycan XİN-in bəyanatına səbəb olan müsahibəsində prezident Vladimir Putinin köməkçisi Medinskinin deyib ki, əgər Rusiya-Ukrayna münaqişəsi cəbhə xətti boyunca dayandırılarsa və sülh barədə razılığa gəlinməsə, "o zaman – bilirsiniz, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə, Qarabağ var idi – bu bölgə nəhəng Qarabağa çevriləcək".

"Bir müddət sonra Ukrayna NATO ilə birlikdə, müttəfiqləri ilə (NATO-ya daxil olacaq) onu geri almağa çalışacaq və bu, planetin sonu, nüvə müharibəsi olacaq", - Medinski iddia edib.

Xatırlatma

Ötən əsrin 80-ci illərində kəskinləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalar baş verib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib. Ondan sonra bölgədən erməni əhali köç edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib, amma rəsmi Bakı bunu qəbul etməyib. Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.