Bayramov: "Azərbaycan ərazisinin İrana qarşı istifadə edilməsi mümkün deyil"

Ceyhun Bayramov və Abbas Ərağçi

İyunun 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına görə, telefon danışığı zamanı, “İsrailin İran ərazisinə başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət” müzakirə olunub.

“...Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq,... diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb”, - məlumatda qeyd edilir.

XİN-in bildirməsinə görə, bununla yanaşı, “Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı” vurğulanıb.

“İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib”, - məlumatda əlavə edilib.

Koronavirus pandemiyası səbəb göstərilərək 2020-ci ilin yazında Azərbaycanın quru sərhəddində gediş-gəliş məhdudlaşdırılıb. 2023-cü il mayın 5-də Dünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını bəyan etsə də, sərhəddə məhdudiyyətlər götürülməyib. Nazirlər Kabineti məhdudiyyətlərin müddətinin uzadılmasını eyni səbəblə izah etsələr də, rəsmilər çıxışlarında təhülkəsizlik amillərindən bəhs edirlər.

Amma son günlər İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan dövləti xarici vətəndaşların təxliyələri üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.

İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı" zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki, hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

Rəsmi Tehran da İsrailə cavab verəcəyini bildirib. Artiq 2 gündür Tehran Təl-Əvivə və İsrailin digər şəhərlərinə raket zərbələri endirir.

İtkilər və xəsart alanlarla bağlı məlumatlar var.