Bu ilin 5 ayında Azərbaycanda vətəndaşlara təqribən 91 milyon manat Əlavə Dəyər Vergisi (ƏDV) qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında bildirilir.
Məlumatda vurğulanır ki, 2025-ci ilin yanvar-may aylarında mallara (neft, qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibbi xidmətlərə görə ödənilmiş ƏDV-dən "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 78 milyon 319.2 min manat qaytarılıb. Yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin istehlakçılara qaytarılan həcmi isə 12 milyon 847.7 min manatdan çox təşkil edib.
DVX-nin məlumatına görə, 2024-cü ildə həmin rəqəmlər, uyğun qaydada, 176 milyon 360.4 min manat və 26 milyon 417.7 min manat olub.
Başqasının ödəniş qəbzindən ƏDV yükləmək mümkün deyil?
Amma ötən aydan bəzi vətəndaşlar şikayətlənirlər ki, bir başqasının ödəniş qəbzindən ƏDV yükləmək artıq qadağan olunub. Belə şikayətlərə cavab olaraq "Qafqazinfo" saytına DVX-dan bildirilmişdi ki, "ƏDV geri al" layihəsinin əsas məqsədi şəffaf vergi münasibətlərinin formalaşdırılması və nağdsız ödənişlərin təşviqidir: "Bəzən layihədən sui-istifadə halları müşahidə olunur. Bəzi vətəndaşlar onlara aid olmayan alış-veriş qəbzlərini sistemə daxil edərək şəxsi kabinetlərinə vəsait əlavə etməyə çalışırlar".
Vurğulanıb ki, belə hallar dəfələrlə təkrarlandıqda artıq araşdırılmağa başlanılır: "… Məsələ bir-iki haldan getmir. Əgər gün ərzində əhəmiyyətli məbləğlər və xeyli sayda çeklərin vurulması müşahidə edilirsə, bu zaman nəzarətə alınır. Hər kəs bilməlidir ki, vətəndaşlara geri ödənilən bütün vəsaitlər büdcədən qaytarılır və ayrı-ayrı şəxslərin bundan sui-istifadə etməsinə yol verilə bilməz".
Bəzi ekspertlər isə hesab edirlər ki, getdikcə vətəndaşlara ƏDV-lərin qaytarılmasında müxtəlif maneələr meydana çıxmaqdadır. Bəzi sosial şəbəkə istifadəçiləri də gileylənirlər ki, ƏDV-lərin qaytarılması ilə bağlı "artıq qəpik-quruşun hesabı gedir".
Xatırlatma
"ƏDV geri al" çərçivəsində istehlakçıların mal və xidmətlər üçün ödədikləri ƏDV-nin müəyyən bir hissəsi vətəndaşlara geri qaytarılır. Bu, istehlakçı maraqlarının qorunması, qeyri-rəsmi iqtisadiyyatla mübarizə və büdcənin şəffaflığını artırması məqsədi ilə izah edilib.
Bununla bağlı Vergi Məcəlləsinə 2019-cü ilin əvvəlində dəyişiklik edilib və həmin proseduru tənzimləyən müvafiq qaydalar 2020-ci il marın 21-də təsdiq edilib.
Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. Amma sonradan Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17.5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, bu il iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik konsert sahəsində göstərilən xidmətlərə görə də nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi vətəndaşlara geri qaytarılmalıdır.
Rəsmi məlumatlara görə, "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan indiyə kimi portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 2 milyarddan çox kassa çeki üzrə 768.5 milyon manat ƏDV məbləği qaytarılıb.