İsrail 11 aktivistlər birlikdə "Madleen" yaxtası ilə Qəzza zolağına daxil olmağa cəhd edən iqlim fəalı Qreta Tunberqi deportasiya edib.
"Qreta Tunberq (Fransa vasitəsilə) İsveçə uçan təyyarə ilə İsraildən yenicə deportasiya edilib", - İsrail Xarici İşlər Nazirliyi (XİN) X platformasındakı paylaşımında bildirib.
Fəalların bəzilərinin də yaxın bir neçə saat ərzində İsrail ərazisini tərk edəcəyi gözlənilir. Deportasiya sənədlərini imzalamaqdan və İsraildən çıxmaqdan imtina edənlər isə, İsrail qanunvericiliyinə əsasən, məhkəmə qarşısına çıxarılacaq və onların deportasiyası ilə bağlı qərarı məhkəmə verəcək.
İsrail XİN-in məlumatına görə, hava limanında sərnişinləri onların mənsub olduqları ölkələrin konsulları qarşılayıb.
9 iyun
İsrail hərbçiləri yaxta ilə Qəzzaya yardım aparan Qreta Tunberqi saxlayıblar
"The Times of Israel" saytı İsrail Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb ki, İsrail hərbçiləri Qəzzaya doğru üzən və göyərtəsində iqlim aktivisti Qreta Tunberq və digər fəalların olduğu "Madleen" yaxtasını saxlayıblar.
"Hərbçilər gəminin göyərtəsinə qalxıblar. "Məşhurların selfi-yaxtası" təhlükəsiz şəkildə İsrail sahillərinə istiqamətlənir. Sərnişinlərin yaxın zamanda öz ölkələrinə geri dönəcəyi gözlənilir", - İsrail XİN bildirib.
Q.Tunberq də daxil olmaqla 12 fəalı daşıyan "Madleen" iyunun əvvəlində Siciliyadan yola düşüb. Gəmi ekipajı Qəzzaya humanitar yardım apardığını bildirib.
"Qəzza zolağına humanitar yardım çatdırmağın "Instagram" selfilərini ehtiva etməyən yolları da var", - İsrail XİN bildirib. Nazirlik fəalların gəmisindən götürülmüş "cüzi miqdarda" humanitar yardımın humanitar kanallar vasitəsilə Qəzzaya göndəriləcəyini vəd edib.
Diplomatlar vurğulayıb ki, Tunberq və onun tərəfdaşları təxribat yaratmağa cəhd ediblər.
"Qreta və digərləri... bir yük maşınından da az humanitar yardım ilə media təxribatı təşkil etməyə çalışdıqları vaxtda son iki həftə ərzində İsraildən Qəzzaya 1200-dən çox yük maşını humanitar yardım çatdırılıb. Bundan əlavə, Qəzza Humanitar Fondu mülki şəxslərə birbaşa olaraq təxminən 11 milyon porsiya yemək paylayıb", - İsrail XİN-in bəyanatında bildirilib.
İsrail hərbçiləri fəallara 7 oktyabr 2023-cü ildə ölkə ərazisinə daxil olan və insanları girov götürən HƏMAS (ABŞ və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır) döyüşçülərinin üzərindəki kameraların görüntülərini nümayiş etdirməyi planlaşdırır. Bildirilir ki, 43 dəqiqəlik video senzurasız, izlənməsi çətin olan kütləvi qırğın səhnələrini əks etdirir.