AMB uçot dərəcəsini sabit saxladı

Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini dəyişməyib.

Bu gün, iyunun 11-də açıqlanan qərarı ilə uçot dərəcəsi 7.25, faiz dəhlizinin aşağı həddi 6.25, yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

"Qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - AMB bəyan edib.

Son bir ildə AMB uçot dərəcəsini sabit saxlayır.

Müstəqil iqtisadçılar isə hesab edirlər ki, Azərbaycanda uçot dərəcəsinin müəyyən edilməsi bir qədər formal xarakter daşıyır. Onlar deyir ki, uçot dərəcələri dəyişəndə belə bu bank faizlərinə təsir etmir. Əslində uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir. Müstəqil ekspertlər vurğulayırlar ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var.