Özbəkistanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) nota göndərərək OMON-un Moskvada miqrantlar üçün yataqxanaya basqınına münasibət bildirməyi, Rusiya güc strukturlarının Özbəkistan vətəndaşlarına qarşı hərəkətlərinə hüquqi qiymət verməyi xahiş edib.
Bu barədə özünün Telegram-kanalında XİN-in mətbuat katibi Axror Burxanov məlumat verib. Onun sözlərinə görə, Moskvadakı insident Özbəkistan XİN-in rusiyalı həmkarları ilə iyunun 10-da baş tutan aylıq görüşündə müzakirə edilib. Özbəkistan XİN-in nümayəndələri Rusiya ərazisində qanunsuz axtarışlar və respublika vətəndaşları ilə kobud rəftar hallarından narahat olduqlarını bildiriblər.
"Biz belə halların ölkələrimiz arasında dostluq münasibətlərinə qətiyyən uyğun gəlmədiyinə və onların qarşısının alınması üçün konkret tədbirlərə ehtiyac olduğuna diqqət çəkdik", - XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
İyunun 8-də hüquq-mühafizə orqanları Moskvada miqrantlar üçün yataqxanada sərt reyd keçirib. Miqrasiya rejimini pozduğu iddia olunan bir neçə nəfərın saxlandığı bildirilir. Onların arasında sonradan ölkədən deportasiya edilən iki Tacikistan vətəndaşı da var. Reydin videosu sosial şəbəkələrdə geniş yayılıb.
Rusiya paytaxtında miqrant yataqxanasında baş verən insidentə Özbəkistanın ictimai xadimləri münasibət bildirib. Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerxodxon Kudratxoca Moskva OMON-unun hərəkətlərini "adi nasizm" adlandıraraq Özbəkistan vətəndaşlarını Rusiyaya əmək miqrasiyasından imtina etməyə və bunun üçün başqa ölkələri seçməyə çağırıb.
Bundan əvvəl Qırğızıstan vətəndaşlarının tez-tez gəldiyi Moskva hamamına polis basqını ilə əlaqədar bu Mərkəzi Asiya ölkəsinin Xarici İşlər Nazirliyi də etiraz notası verib.
Rusiya XİN Özbəkistan səfirliyindən notanın alındığını təsdiqləyərək daxil olan məlumatın "diqqətlə" araşdırıldığını vurğulayıb. XİN-dən bildirilib ki, Rusiya ilə Özbəkistan arasında münasibətlər "müttəfiqlik və strateji xarakter daşıyır, ikitərəfli gündəmdəki bütün məsələlər bu yanaşma ilə həll olunur".