Müsavat Partiyasının 3 üzvü həbs edilib

Müsavat Partiyası

İyunun 11-də Müsavat Partiyasının iki Məclis və bir sıravi üzvü Biləsuvar rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onlardan Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli 2 il 3 ay, Qoşqar Nuralı 2 il, partiya fəali Cabir Vəliyev isə 2 il 3 ay azadlıqdan məhrum olunub. Həmin şəxslər Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsinə əsasən həbs ediliblər.

Partiyadan verilən məlumata görə, cinayət işinin qaldırılmasının səbəbi rayon təşkilatının ötən il dekabrın 31-də ictimai iaşə obyektlərindən birində Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il ilə bağlı bayram tədbiri keçirməsindən sonra baş verən insidentdir. İddiaya görə, yerli hakimiyyət orqanlarının sifarişi ilə həmin gün partiya fəallarına qarşı təxribat təşkil edilib. Partiyadan habelə vurğulandığına görə, təxribat zamanı Ə.Ələsgərliyə xəsarət yetirildiyi rəsmi tibbi ekspertizada təsdiq edilsə də, məhkəmə qarşı tərəfi cərimələməklə kifayətlənib, müsavatçılar barəsində isə "heç bir əsas olmadan azadlıqdan məhrum olunmaları barədə sifarişli hökm çıxarıb".

Müsavat Partiyası bu hökmü Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirir.

Hələlik, Müsavat Partiyasının bəyanatına Biləsuvar rayon Məhkəməsi, yerli hakimiyyət orqanları və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bir sıra yerli hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə Azərbaycanda 370-dən çox siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Rəsmilər hesab edirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.