Qazın satışında yeni qaydalar. Qiyməti müəyyən edən dəyişir...

Sizin brauzer HTML5-i dəstəkləmir

Qaz limiti nə qədər ədalətli müəyyən edilib? Dağ kəndlərində yaşayanlar danışır (Arxiv. 2023)

Qazın topdan və pərakəndə satışı ilə bağlı yenidən tənzimlənmə nəzərdə tutulur.

AZƏRTAC-ın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iyunun 10-da keçirilən iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qazın topdansatışını yalnız lisenziyalaşdırılmış topdan satıcılar həyata keçirəcək. Bu satış forması topdan satıcı ilə pərakəndə satıcı və ya iri istehlakçılar arasında bağlanmış müqavilələrə əsaslanacaq. Pərakəndə satış isə birbaşa pərakəndə satıcılarla istehlakçılar arasında imzalanan müqavilələr vasitəsilə gerçəkləşdiriləcək.

Qaz satıcılarının yalnız qaz təchizatı sahəsində fəaliyyət göstərmələri ilə bağlı müddəa da qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunan istisnalar xaricində qaz satıcılarının bu sektordan kənar fəaliyyətlə məşğul olmalarına yol verilməyəcək. Sözügedən məhdudiyyət 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qiyməti müəyyən edən dəyişir

"Qaz təchizatı haqqında" yeni qanun layihəsi Azərbaycanda qazın qiymət tənzimlənməsi mexanizmində əhəmiyyətli dəyişikliklər və sektorun strukturlaşmasında yeniliklər vəd edir.

Xəbərə görə, bunu Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov Milli Məclisin komitə iclasında çıxışı zamanı söyləyib.

O bildirib ki, qanunun qəbulu ilə qaz tariflərinin müəyyən edilməsi səlahiyyəti indiki Tarif Şurasından tənzimləyici orqana keçəcək: "Layihədə qaz satıcısının hüquq və vəzifələri dəqiq şəkildə müəyyən edilib. Bundan əlavə, qaz təchizatı zəncirində fəaliyyət göstərən subyektlərin bölünməsi həyata keçiriləcək. Bu, qazın paylanması, satışı, nəqli, topdansatışı və idxalı ilə məşğul olan qurumun daxilində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını nəzərdə tutur. Bu addımın sektorun daha şəffaf və səmərəli idarə olunmasına töhfə verəcəyi gözlənilir".

Nazirlik rəsmisinin sözlərinə görə, yeni qanun layihəsi qaz sektorunda rəqabətliliyi artırmaq və istehlakçıların maraqlarını daha yaxşı qorumaq məqsədi daşıyır.

Tənqidlər...

Amma yeni qanun layihəsi ilə bağlı sosial şəbəkələrdə tənqidlərə də rast gəlmək mümkündür. Bir sıra ölkə vətəndaşlarının fikrincə, qanunvericiliyə dəyişiklik qiymət artımına yol açacaq. Üstəlik, onların fikrincə, belədə qiymət artımları zamanı hökumət birbaşa tənqidlərdən də yayınmış olacaq.

Tarif Şurasına İqtisadiyyat naziri rəhbərlik edir.