Ötən həftə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə gözlənilmədən müdafiə naziri vəzifəsindən azad edilən Ruslan Jaksılıkov saxlanılıb və Astanada istintaq təcridxanasına salınıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Onun həbsinin təfərrüatları açıqlanmır.
"Elmedia" öz mənbələrinə istinadən yazır ki, keçmiş müdafiə naziri Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən saxlanılıb. "Güman edirik ki, bu, yeyinti ilə bağlıdır", - mənbə bildirib.
Jaksılıkov əvvəllər daxili işlər nazirinin müavini və Milli Qvardiyanın komandanı vəzifələrində çalışıb. 2022-ci ilin yanvar hadisələrindən sonra Qazaxıstanın müdafiə naziri təyin edilib. O zaman yanacaq qiymətlərinin yuxarı həddinin ləğvi səbəbindən başlayan kütləvi etirazlar genişmiqyaslı iğtişaşlara çevrilmişdi. İğtişaşların yatırılması üçün Qazaxıstan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib.
Jaksılıkovun nazir kimi fəaliyyəti ilə bağlı yazılarda bildirilib ki, son illərdə Qazaxıstanda məcburi hərbi xidmətə çağırış halları kəskin şəkildə artıb.
Jaksılıkovun müdafiə naziri vəzifəsindən azad edilməsinin səbəbi rəsmi olaraq açıqlanmayıb.