Azərbaycanda siyasi məhbus hesab edilənlərin sayı artır

Azərbaycanda həbsdə olan jurnalistlər

"Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" Birliyi ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 375 nəfərin adı daxil edilib.

Bu rəqəm birliyin 2025-ci il fevralın 12-də təqdim etdiyi siyahı ilə müqayisədə 18 nəfər çoxdur.

Yeni siyahıya jurnalist Ülviyyə Əli, ictimai fəal Əhməd Məmmədli, vətəndaş cəmiyyətinin üzvləri Bəşir Süleymanlı, Məmməd Alpay, dini baxışlı insanlar, müxalifətçilər və digərləri əlavə edilib.

Hesabatda siyasi məhbus sayılanlar 12 kateqoriya üzrə bölünüb. Sənəddə onların 29-u jurnalist və bloqer, 6-sı hüquq müdafiəçisi, 39-u ictimai-siyasi fəal, 5-i milli azlıqların nümayəndəsi, 2-si müharibə əleyhdarı, 5-i deportasiya olunmuş siyasi mühacir, 241-i dini kəsimdən olan insanlar, 12-si isə ömürlük məhkum kimi təqdim edilirlər.

Bundan əlavə, müxtəlif işlər üzrə 36 nəfər də siyasi məhbus hesab edilib.

Amma Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Başqa təşkilatların hazırladığı siyahılarda isə, əsasən, daha az məhbus yer alır.

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların azad olunmasına çağırışlar edir.

Rəsmi Bakı isə, bir qayda olaraq, ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların mövqeyini rədd edirlər. Rəsmilərə görə, Azərbaycanda siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.

Prezidentin imzaladığı son iki əfv sərəncamına siyasi məhbus hesab edilən bir şəxs belə düşməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

71-ci əfv sərəncamı: 'Siyasi məhbus' adlandırılanlardan heç kim siyahıda yoxdur