Zamin Salayev həbsdə ürək ağrılarından şikayətlənir

Zamin Salayev

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin həbsdə səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə onun partiya dostları məlumat yayıb.

Onların vurğulamasına görə, Z.Salayev səhhətinin ağırlaşmasını özü telefonla bildirib: "Dedi ki, ürəyim tutub, nəfəs ala bilmirəm, boğuluram və həkimlər heç bir tədbir görmür. Hətta iki dəfə vəziyyəti kəskin pisləşib".

Yaxınlarının əlavə etməsinə görə, Z.Salayev əvvəllər də ürək ağrılarından şikayət edib.

Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə Z.Salayev 4 il azadlıqdan məhrum edilib. Salayev həmin il fevralın 7-də saxlanmışdı və o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) maddəsi ilə ittiham edilirdi. AXCP fəalı ittihamı qəbul etmir.

Xatırlatma

AXCP-nin fəal üzvlərindən Z.Salayev bundan əvvəl - 2020-ci ilin aprelində isə Salyan rayon Məhkəməsində 2 il 3 ay azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda Salayev Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib. Salayev 2022-ci il yanvarın 19-da - Amnistiya Aktı ilə əlaqədar vaxtından bir neçə ay əvvəl azadlığa çıxmışdı.