Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 13:44

İranla ABŞ nüvə danışıqlarının davam edəcəyini bildirir, lakin fərqli tarixlər göstərirlər


Natanz uranı zənginləşdirmə zavodunda sentrifuqa maşınları
Natanz uranı zənginləşdirmə zavodunda sentrifuqa maşınları

İyunun 9-da İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı danışıqların davam edəcəyini bildirsələr də, tərəflər danışıqların növbəti raundu üçün fərqli tarixlər veriblər.

İran danışıqların növbəti mərhələsinin iyunun 15-də Məsqətdə keçiriləcəyini, ABŞ prezidenti Donald Tramp isə iyunun 12-də baş tutacağını deyib.

Tramp İranın uranı zənginləşdirməyə davam edib-etməməsi ilə bağlı tərəflər arasında fikir ayrılığına baxmayaraq, danışıqların davam edəcəyini bildirib.

"Onlar sadəcə sizin edə bilməyəcəyiniz şeyləri istəyirlər. Onlar əl çəkməli olduqları şeylərdən vaz keçmək istəmirlər", – Tramp jurnalistlərə deyib. "Onlar uranın zənginləşdirilməsi axtarışındadırlar. Biz zənginləşməyə icazə verə bilmərik".

Trampın açıqlamasından sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, "son məsləhətləşmələrə əsasən, İran və ABŞ arasında birbaşa olmayan danışıqların növbəti raundunun gələn bazar günü Məsqətdə keçirilməsi planlaşdırılır".

Omanın vasitəçilik etdiyi danışıqlarda nümayəndə heyətlərinə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İran xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.

Trampın sözlərinə görə, Vaşinqtonun səyləri "heç bir dağıntı və ölümün olmaması üçün razılaşma əldə etməyə yönəlib".

Tramp İsrailin baş naziri Benyamin Netanyahuyla telefon danışığından sonra Ağ evdə jurnalistlərin suallarına cavab verib. Tramp deyib ki, Netanyahu ilə telefon danışığının əsas mövzusu İran olub və o, İsrail hökumət başçısına İranla danışıqların həftənin sonunda davam edəcəyi barədə məlumat verib.

İran XİN sözçüsü Bəqayi daha əvvəl bildirib ki, ABŞ-nin mayın sonunda təqdim etdiyi təkliflər planı İran üçün "qəbuledilməzdir". İran tərəfi iyunun 9-da bildirib ki, Tehran tezliklə ABŞ-nin təklifinə cavab planı təqdim edəcək.

Bəqayinin sözlərinə görə, Tehranın yeni təklifi "ağlabatan, məntiqli və balanslı" olacaq.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Vyanadakı mənzil-qərargahında qurumun Rəhbərlər Şurasının iclasına qatılır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Vyanadakı mənzil-qərargahında qurumun Rəhbərlər Şurasının iclasına qatılır.

İran nüvə obyektlərini "təmizləyir"

Keçən həftə İranın ali dini lideri Əli Xamenei ABŞ-nin təklifini İranın maraqlarına zidd hesab edərək rədd edib və İran torpağında uranın zənginləşdirilməsinin davam etdiriləcəyini bildirib.

Qərb dövlətləri bunu nüvə silahı əldə etmək üçün potensial yol kimi görür. İran isə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bildirir.

İyunun 9-da Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) idarə heyətinin iclası öz işinə başlayıb. İyunun 13-ə qədər davam edəcək iclasda digər mövzularla yanaşı, İranın nüvə fəaliyyəti də müzakirə olunacaq.

AEBA-nın baş direktoru Rafael Qrossi açılış çıxışında İranı təcili şəkildə təşkilatla tam və səmərəli əməkdaşlıq etməyə çağırıb.

"İran agentliyə qarşıda duran təhlükəsizlik məsələlərinin həllində kömək etmədikcə, agentlik İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığına dair təminat verə bilməyəcək", - o əlavə edib.

Qrossi çıxışında bildirib ki, İran AEBA-nın suallarına dəfələrlə cavab verməyib və ya texniki baxımdan inandırıcı cavablar təqdim etməyib. O həmçinin qeyd edib ki, İran bəzi nüvə obyektlərini "təmizləməyə" (izləri gizlətməyə) cəhd göstərib ki, bu da AEBA-nın yoxlama fəaliyyətinə maneə yaradıb.

Bu iclasda, son 20 ildə ilk dəfə olaraq Tehranın təhlükəsizlik öhdəliklərinə əməl etmədiyini bildirən bir qətnamənin dinlənilməsi və səsə qoyulması gözlənilir.

XS
SM
MD
LG