İran hakimiyyəti ictimai yerlərdə it gəzdirməyə qoyulan qadağanı əhəmiyyətli dərəcədə genişləndirib. Əvvəllər yalnız paytaxt Tehranla məhdudlaşan bu qadağa indi ölkə üzrə ən azı 18 şəhərə, o cümlədən İsfahan, Həmədan, İlam və Kirman kimi böyük şəhərlərə də şamil olunub.
Bu addım ilk dəfə 2019-cu ildə Tehranda it gəzdirməyə qadağa qoyan polis direktivinə əsaslanır və indi daha da genişləndirilib. Yeni məhdudiyyətlərə əsasən, itlərin avtomobillərdə daşınması, eləcə də icazəsiz fəaliyyət göstərən ev heyvanları dükanları və baytarlıq klinikalarının bağlanması da nəzərdə tutulur.
Rəsmilər bildirir ki, bu qadağa "ictimai asayişi qorumaq, təhlükəsizliyi təmin etmək və ictimai sağlamlığı müdafiə etmək" məqsədi daşıyır. Müxtəlif şəhərlərdə hüquq-mühafizə orqanları qaydanı pozanlara qarşı hüquqi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib.
Qaydanın tətbiqi şəhərlərə görə dəyişsə də, tədbirlər arasında mümkün həbslər, avtomobillərin müsadirəsi və qaydalara zidd şəkildə saxlanılan itlərin sahiblərindən alınması kimi cəzalar yer alır.
İranda it saxlamaq və onları gəzintiyə çıxarmaq uzun illərdir mübahisəli məsələ sayılır, xüsusilə də 1979-cu il İslam İnqilabından sonra. Bir çox din xadimləri itləri "murdar" və Qərb mədəni təsirinin simvolu kimi qəbul edir.
İranda itlərin sayı
İranın ali dini rəhbəri Əli Xamenei daha əvvəl bildirib ki, it saxlamaq yalnız sürü güdmək, ov və ya mühafizə məqsədi ilə olmadıqda "qınanmalıdır". 2021-ci ildə onlarla deputat ev heyvanları saxlamağı İran və İslami həyat tərzinə xələl gətirə biləcək "dağıdıcı sosial problem" kimi pisləyib.
Bu fikri bir daha vurğulayan mühafizəkar keçmiş deputat Həsən Şocayi bildirib ki, əvvəllər itlər insanları qorumaq üçün istifadə olunurdu, indi isə "onlar evlərin içindədir və uşaqların yerini tuturlar". Bu isə onun sözlərinə görə, "müasir və Qərbyönümlü" bir haldır.
"Bu nə bizə, nə bizim İranımıza, nə də bizim İslamımıza məxsusdur", - o, X sosial şəbəkəsində yazıb.
İranda it saxlamağı qəti şəkildə qadağan edən milli qanun olmasa da, səlahiyyətlilər bu qadağaları əsaslandırmaq üçün yerli göstərişlərə, polis təlimatlarına, eləcə də İran Cinayət Məcəlləsinin və Konstitusiyasının ictimai əxlaq və sağlamlıqla bağlı bəzi maddələrinə istinad edirlər.
İran mediası bildirir ki, ölkədə saxlanılan ev heyvanlarının, o cümlədən pişik və itlərin sayı təxminən 6-8 milyon arasındadır.
Dini rəhbərlərə qarşı müqavimət forması
İran Baytarlar Assosiasiyasının keçmiş rəhbəri Payam Möhəbbi AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib ki, ev heyvanlarının saxlanması ilə bağlı qanunların mövcudluğu həm insanlar, həm də heyvanların qorunması baxımından vacibdir. Lakin o, hakimiyyətin mövcud yanaşmasını tənqid edib. "İdarəetmə cəmiyyətin ən zərərsiz üzvlərini hədəf alır - onların yeganə arzusu başqa bir canlıya sevgi göstərməkdir", - Möhəbbi bildirib.
İtləri gəzdirmək qadağasının genişləndirilməsi İran hakimiyyətinin ictimai məkanları nəzarətdə saxlamaq və ənənəvi, mühafizəkar sosial normaları möhkəmləndirmək kampaniyasının bir hissəsi kimi qiymətləndirilir. Bir çox iranlı üçün isə it sahibi olmaq - məcburi hicab qanunlarına qarşı çıxmaq və ya gizli toplantılara qatılmaq kimi - ölkənin dini rəhbərlərinə qarşı incə bir müqavimət forması olaraq qalır.
İranda yaşayan hüquq eksperti Əli Müctəhidzadə hakimiyyətin ev heyvanlarına sahibliyə nəzarət yanaşmasını qadınlar üçün məcburi baş örtüyü tələbi və peyk televiziyasının yayımını qadağa ilə müqayisə edib. O qeyd edib ki, bu cəhdlər "uğursuzluğa düçar olub".
"Amma çox təəccüblüdür ki, biz hələ də eyni yolu tutmaqda israr edirik və reallıqları qəbul etməkdən imtina edirik", - o, məqaləsində yazıb.