Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 14:04

'Bu gün təcridxanalar Azərbaycanın dəyərli insanlarının girov saxlanma yerlərinə çevrilib'


Jurnalistlərin qaçaqmalçılıqla məşğul olduğunu isbatlayan hansısa sübut tapıldımı?
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Jurnalistlərin qaçaqmalçılıqla məşğul olduğunu isbatlayan hansısa sübut tapıldımı? (Arxiv)

AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin vəkili Cavad Cavadov deyir ki, təkcə müvəkkilinin yox, bütövlükdə azad düşüncənin müdafiəçisi qismində çıxış edir.

"Söz azadlığı yoxdursa, deməli, başqa heç bir azadlıq da yoxdur", - vəkil iyunun 10-da məhkəmədəki müdafiə nitqində belə söyləyib.

F.Mehralızadə "AbzasMedia" nəşriylə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistdən biridir. Bu işlə bağlı məhkəmə istintaqı yekunlaşıb və prokuror jurnalistlərdən 4-nə 11 il, F.Mehralızadə də daxil, 3-nə isə 12 il həbs cəzası istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsində budəfəki məhkəmə iclasında isə jurnalistlərin vəkilləri müdafiə nitqiylə çıxış ediblər. Vəkillərin hamısı müvəkkillərinin təqsirsiz olduğunu vurğulayıblar.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

"AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, jurnalistlərə verilən qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması və s. ittihamların heç biri məhkəmədə sübuta yetirilməyib. Vəkilin sözlərinə görə, ittiham tərəfi ortaya heç bir sübut qoymayıb: "Təəssüf edirəm ki, məhkəmə də ədalətli keçirilmədi, vəsatətlərimiz təmin olunmadı".

Vəkil yada salıb ki, "AbzasMedia"da hökumətdə təmsil olunan müxtəlif məmurların biznesi, korrupsiya əməlləri haqda materiallar yayımlanır və bu da onları qıcıqlandırırdı.

Digər vəkillər də çıxışlarında jurnalistlərin peşə fəaliyyətlərinə, korrupsiyanı ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını vurğulayıblar.

"İttihamın bir cümləsi 9 səhifədir"

Təqsirləndirilən şəxslərdən jurnalist Elnarə Qasımovanın vəkili Günay İsmayılova deyir ki, cinayət işinin materialları 27 cilddən ibarət olsa da, heç bir mötəbər sübut yoxdur: "İttihamın bir cümləsi 9 səhifədir. Bu cür anlaşılmaz cümlələrdən ibarət ittihamı təsdiqləyəcək heç bir mötəbər sübut, fakt yoxdur".

Cavad Cavadov
Cavad Cavadov

F.Mehralızadənin vəkili C.Cavadov müdafiə nitqində bildirib ki, aylarla davam edən məhkəmə prosesi müvəkkilinin "AbzasMedia"ya aidiyyəti olmadığını bir daha sübuta yetirdi. Məhkəmə iclaslarında onun əleyhinə heç bir fakt-sübut ortaya qoyulmadı: "İttiham tərəfinin yeganə sübutu Fərid Mehralızadənin təsadüfən "AbzasMedia"nın əməkdaşlarından bəziləri ilə eyni vaxtda səfərdə olması, bir də "Signal" proqramından istifadə etməsidir. Vəssalam. Bu arqumentlərlə istənilən adamı bu cinayət işinə qoşmaq olar. Fərid Mehralızadənin özünə də demişdilər ki, AzadlıqRadiosu ilə əməkdaşlığına görə cəzalandırılır. O vaxt əllərinin altında bu cinayət işi olub, buna qoşublar".

Vəkil əlavə edib ki, F.Mehralızadənin həbsi həm də ailə dramına çevrilib: "O, ata olmağa hazırlaşdığı bir vaxtda dustaq oldu. Günahsız insana qarşı bu cür davranış ailə dəyərləri, insanlıq baxımından da yolverilməzdir".

Vəkillərin çıxışından sonra təqsirləndirilən şəxslər son sözlərini deməlidir. Yalnız "Turan" İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı son sözünü deməyə razılıq verib, digərləri isə hazırlaşmaq üçün vaxt istəyib.

Hafiz Babalı
Hafiz Babalı

H.Babalı son sözündə deyib ki, Aleksandr Düma sağ olsaydı, yəqin, Kürdəxanıdakı təcridxanaya "Azərbaycanın Bastiliyası" deyərdi, çünki ölkənin dəyərli insanlarını orada girov saxlayırlar: "Bu gün təcridxanalar Azərbaycanın dəyərli insanlarının girov saxlanma yerlərinə çevrilib".

O, 2019-cu ildən başqa bir işlə bağlı ölkədən çıxışına qadağa qoyulsa da, "AbzasMedia işi"ndə onu valyuta qaçaqmalçılığında suçladıqlarını sözlərinə əlavə edib: "2019-cu ildən ölkədən çıxmamışam, mən necə qaçaqmalçı ola bilərəm? Prokuror ittihamlardan, heç olmasa, birini sübut etsin, mən sakit oturum".

Digər jurnalistlər son sözlərini iyunun 20-də keçiriləcək növbəti məhkəmə iclasında deyəcəklər. Ardından "AbzasMedia işi" üzrə həbs olunanlar haqqında hökm elan olunacaq.

Xatırlatma

"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Noyabrın 22-də ölkəyə qayıdarkən elə təyyarədən düşəndəcə baş redaktor Sevinc Vaqifqızı (Abbasova) saxlanılıb, həmin gecə onun da yaşadığı evdə axtarış aparılıb.

Noyabrın sonunda jurnalistlərdən Nərgiz Absalamova, daha sonra Hafiz Babalı, Elnarə Qasımova və 2024-cü ilin mayında Fərid Mehralızadə həbs edilib.

Bu iş üzrə həbsdə olan toplam 7 jurnalistə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son ilyarımda Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG