Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 14:06

Rusiyanın eks-prezidenti müharibəni necə gəlir mənbəyinə çevirdi...


Dmitri Medvedev və Vladimir Putin
Dmitri Medvedev və Vladimir Putin

AzadlıqRadiosunun rusdilli araşdırma layihəsi "Sistema"nın araşdırmasına görə, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri Rusiyanın eks-prezidenti Dmitri Medvedevə bağlı fondlar təxminən 850 milyon dollar sərvət toplayıb.

Bu fondların artan sərvətləri 2020-ci ildə prezident Vladimir Putin tərəfindən baş nazir vəzifəsindən azad edilən 59 yaşlı Medvedevin müharibə zamanı reinkarnasiyası ilə eyni vaxta təsadüf edir.

Putinin Təhlükəsizlik Şurasının sədr müavini və hakim "Vahid Rusiya" partiyasının sədri kimi hökumətdə rolunu qoruyan Medvedev, eyni zamanda, "onlayn hücum iti" - onlayn aqressiv təbliğatçı kimi yeni rolunda da milyonlardan ibarət auditoriya əldə edə bilib.

Bir vaxtlar mülayim, mötədil siyasi fiqur olan Medvedev indi sosial mediada Kiyevə və Qərbə qarşı son dərəcə sərt və nifrət dolu çıxışlarla müharibə tərəfdarına çevrilib.

"Sistema" tərəfindən araşdırılan maliyyə sənədlərinə görə, Medvedevlə əlaqəsi olan ümumilikdə 15 fond 2015-2021-ci illərdə cəmi 28 milyard rubl (müvafiq məzənnə ilə 424 milyon dollar) əldə edib. 2022-2024-cü illərdə bu rəqəm 130 milyard rubldan (1.39 milyard dollar) çox artıb və bu vəsaitin yarısından çoxu təkcə keçən il əldə olunub.

"Sistema"nın araşdırmasına görə, sənədlər bu qurumların 2021-ci ilin sonunda toplam 23.5 milyard rubl (316 milyon dollar) və 2024-ci ilin sonunda 86.4 milyard rubl (850 milyon dollar) civarında məbləğə sahib olduğunu göstərib. "Sistema" bu vəsaitlərin Ukraynaya qarşı döyüşən Rusiya qüvvələrindən tutmuş, Sankt-Peterburqdan Qara dəniz sahillərinə qədər Medvedevlə açıq-aşkar bağlılığı olan daşınmaz əmlak layihələrinə yönəldildiyini müəyyən edib.

Bu fondlar öz donorlarını ictimaiyyətə açıqlamır və 14 fonddan hazırda yalnız ikisinin vebsaytı var.

Onlardan biri "Naşa Pravda" fondu bildirir ki, son iki ildə "xüsusi hərbi əməliyyat"a (Putinin Ukraynaya qarşı işğal müharibəsinə verdiyi ad) 2.4 milyard rubl xərcləyib. Bu vəsaitin minlərlə dronun, gecəgörmə eynəklərinin, generatorların, tibbi avadanlıqların və digər ləvazimatların alınmasına xərcləndiyi bildirilir.

"Vahid Rusiya" ilə əməkdaşlıq

"Vahid Rusiya" partiyasının Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Aleksey Sidyakinin sözlərinə görə, "Naşa Pravda" Medvedevin təşəbbüsü ilə yaradılıb və bu fond partiya ilə əməkdaşlıq edib. Məsələn, fondun saytındakı məlumata görə, 2025-ci ilin fevralında partiya və fond birgə şəkildə Rusiyanın bir hərbi birləşməsinə 14 milyon rubl (177 min dollar) dəyərində texnika verib.

"Vahid Rusiya" fəalı Andrey Turçak partiya sıralarına qoşulan İlya Medvedevi salamlayır.
"Vahid Rusiya" fəalı Andrey Turçak partiya sıralarına qoşulan İlya Medvedevi salamlayır.

2022-ci ilin sentyabrında partiyaya üzv olan Medvedevin 29 yaşlı oğlu İlya da təqdimat mərasimində iştirak edib. "Naşa Pravda"nın saytındakı məlumatda onun həmin partiya komitəsində layihə direktoru vəzifəsində çalışdığı qeyd olunub.

Fondların sadəcə bir neçəsi xərclərin hədəfləri haqqında detallı məlumat verir. Ancaq sübutlar göstərir ki, bu fondların bəzilərinin vəsaitləri açıq-aşkar Medvedevə bağlı daşınmaz əmlak layihələrini birbaşa və ya dolayı şəkildə dəstəkləyən məqsədlər üçün istifadə edilib.

Mərhum müxalifət lideri Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) (bu qurum indi Rusiyada qanunsuz elan edilib) ovaxtkı baş nazirə (Medvedev) aid dəbdəbəli malikanələri, yaxtaları, üzüm bağlarını və digər sərvətlərini ortaya çıxaran araşdırmasından sonra D.Medvedev ictimai maraq obyektinə çevrilib.

FBK-nın araşdırmasında qeyd olunurdu ki, Medvedyevin Volqa çayı sahilindəki Plyos şəhərində, Kursk vilayətində, Moskvanın Rublyovka kimi tanınan dəbdəbəli qəsəbəsində və Soçidə iqamətgahları, həmçinin "Skalistı Bereq" adlı şərab istehsalı zavodu və bir neçə yaxtası var.

"Sistema" müəyyən edib ki, həmin araşdırma hesabatında qeyd olunan əmlakların əksəriyyəti hələ də Medvedevə bağlı fondlarla əlaqəlidir.

Martda "Naşa Pravda" fondu Anapa sahil kurortu yaxınlığında üzüm bağları olan "Skalistı Bereq" ilə əməkdaşlıq edərək dekabrda həmin ərazidə baş verən neft sızmasının təmizlənməsinə kömək edib. "Skalistı Bereq" dekabrdan etibarən Medvedevlə əlaqəli fondlar tərəfindən idarə olunur və İ.Medvedev onun direktorlar şurasında yer alır.

Bu arada 2022-ci ilin dekabrında Medvedevə bağlı fonda məxsus FKK firması "Makna" adlı idarəçi şirkəti alıb. Bu şirkət isə "Skalistı Bereq"ə avtomobillə 7 dəqiqə və dənizə 100 metr məsafədə olan "Şinqari" adlı xaraba kurortun idarəçiliyinə sahibdir.

Alındıqdan bir neçə ay sonra həmin xaraba kurortun sökülməsinə başlanılıb və FKK yaxınlıqdakı torpaq sahələrini alıb, eyni zamanda, "Makna"dan ərazidəki torpaqları icarəyə götürüb. Bütün bu işləmlər yeni inkişaf planı barədə xəbər verir, ancaq hələ nəyin tikiləcəyi bəlli deyil.

Medvedevin doğma şəhəri Sankt-Peterburqa yaxın olan digər bir fond - "Nevski" isə 2023-cü ildə şəhərin kənarında ikimərtəbəli bir kottec alıb. Fond 2024-cü ildə Medvedevin uşaqlıqda yay tətilini keçirdiyi və 2009-cu ildə prezident kimi ziyarət etdiyi Pavlovsk şəhərindən də bir daça alıb.

Medvedev "Naşa Pravda" və "Nevski" fondları kimi "Sistema"nın sorğularını görməzdən gəlib. "Skalistı Bereq" də şərh sorğusuna cavab verməyib. FKK-nın baş direktoru isə jurnalistin zəng etdiyini eşidən kimi telefonu bağlayıb və messencer vasitəsilə ona göndərilən suallara cavab verməyib.

Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama 2010-cu ildə Virciniya ştatının Arlinqton şəhərində "Rey's Hell Burger" restoranında nahar sifariş edərkən.
Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama 2010-cu ildə Virciniya ştatının Arlinqton şəhərində "Rey's Hell Burger" restoranında nahar sifariş edərkən.

Müharibəni təşviq etmək

Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan sonra Medvedevin ictimai siması kəskin şəkildə dəyişib. 2008-ci ildən 2012-ci ilə qədər prezident kimi Kremldə Putinlə uzun müddət işlədiyi müddətdə tandemin kiçik tərəfdaşı özünü nisbətən liberal, islahatçı və daha böyük azadlıqların tərəfdarı kimi təqdim edib.

2012-ci ildə Putin yenidən prezidentliyə qayıdanda və Medvedevi baş nazir kimi təyin edəndə dəyişikliyə ümid edən rusiyalılar özlərini xəyanət uğramış kimi hiss etdilər. Ölkə daxilində getdikcə sərtləşən təzyiqlər fonunda Rusiya 2014-cü ildə Krımı işğal etdi, Ukraynanın şərq hissələrinə nəzarəti ələ keçirdi və səkkiz ildən sonra genişmiqyaslı işğalla müşayiət olunan müharibəni qızışdırdı.

2020-ci ilin yanvarında Putin onun vəzifəsini aşağı saldıqdan və baş nazir postundan uzaqlaşdırdıqdan sonra zəif və əhəmiyyətsiz hesab edilən Medvedevin ictimai etimadı 2021-ci ilin sonunda Putinə olan 65 faizlə müqayisədə 23 faizdən aşağı idi. Bu rəy sorğusu dövlət tərəfindən maliyyələşdirilən VTsIOM tərəfindən aparılmışdı.

VTsIOM-un iyunun 1-ə olan nəticələrinə görə, Medvedevin etimad reytinqi iki dəfə artaraq 45.7 faiz təşkil edib. Bu göstərici ilə o, yalnız prezident Putin və baş nazir Mişustindən geri qalır.

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğal müharibəsindən bir neçə həftə sonra açdığı Teleqram kanalı onun Ukraynaya və Qərbə qarşı sərt və aqressiv çıxışlarının platformasına çevrilib. Bu, 2022-ci ildən bəri Medvedevi Rusiyanın ən populyar bloqerinə çevirib. Hazırda onun paylaşımları orta hesabla 1.8 milyon baxış toplayır.

Medvedevin sosial şəbəkələrdəki paylaşımlarına bəzən Qərb hökumətlərinə qarşı təhqiramiz hücumlar, Kiyev üçün dəhşətli xəbərdarlıqlar və nüvə hücumu hədələri daxildir. 2023-cü ildə o, Berlində Bundestaqı bombalamaq barədə paylaşım etmişdi. Keçən həftə o, Teleqram-da bildirib ki, Rusiyanın Ukrayna ilə üç il ərzində ilk birbaşa sülh danışıqları keçirməkdə məqsədi sülh deyil, "sürətli qələbəmizi və Kiyev hökumətinin tamamilə yox edilməsini təmin etməkdir".

ABŞ, Avropa İttifaqı, Britaniya və digər ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar Dmitri və İlya Medvedevə qarşı sanksiyalar tətbiq edib.

Yazı AzadlıqRadiosunun "Sistema" araşdırma qrupu və araşdırmaçı jurnalist Sergey Titov tərəfindən hazırlanıb.

XS
SM
MD
LG