Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 13:46

Los-Ancelesin mərkəzində komendant saatı tətbiq olunub


ABŞ-nin Kaliforniya ştatında Tramp hökumətinin immiqrasiya siyasətinə qarşı aksiyalar davam edir
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

ABŞ-nin Kaliforniya ştatında Tramp hökumətinin immiqrasiya siyasətinə qarşı aksiyalar davam edir

Artıq beşinci gecədir davam edən kütləvi etirazlar və iğtişaşlarla əlaqədar Los-Anceles şəhər administrasiyası şəhərin mərkəzi hissəsində komendant saatı tətbiq edib. Etirazlar ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə qeyri-qanuni miqrantların aşkarlanması ilə bağlı genişmiqyaslı reydlərə cavabdır. Komendant saatı şəhər mərkəzində təxminən bir kvadratmil (258 ha) ərazini əhatə edir və iyunun 11-i axşam saatlarından qüvvəyə minib. Los-Ancelesin meri Karen Bass bildirib ki, bu tədbir sakinlərin təhlükəsizliyini təmin etmək, son günlər baş verən zorakılıq və talan hallarının qarşısını almaq məqsədi güdür.

Etiraz aksiyaları ABŞ-nin digər iri şəhərlərində də davam edir. Nyu-York, Çikaqo və Atlantada nümayişçilər hökumətin miqrasiya siyasətinə və federal hakimiyyətin hərəkətlərinə qarşı narazılıqlarını ifadə edirlər. Etirazçılarla polis arasında toqquşma halları da qeydə alınıb. Texasda qubernator Qreq Abbott hüquq-mühafizə orqanlarına dəstək məqsədilə Milli Qvardiya qüvvələrinin yerləşdirildiyini elan edib.

Qevin Nyusom
Qevin Nyusom
10 iyun

Qubernator Milli Qvardiyanın Los-Ancelesə yeridilməsinə görə Trampı məhkəməyə verib

Kaliforniya ştatı və qubernator Qevin Nyusom Los-Ancelesə Milli Qvardiya qoşunlarının yeridilməsi ilə əlaqədar ABŞ prezidenti Donald Tramp, Pentaqon və müdafiə naziri Pit Heqset barədə məhkəmədə iddia qaldırıb.

Məhkəməyə verilən şikayətdə Trampın federal qanunları və Konstitusiyanı pozduğu iddia edilir. Kaliforniya qubernatoru Milli Qvardiya qoşunlarının geri çağırılmasını və nəzarətin ştat orqanlarına qaytarılmasını tələb edir.

ABŞ-nin federal hökuməti daha əvvəl qeyri-qanuni immiqrantların aşkarlanması ilə bağlı reydlər fonunda baş verən etirazlar səbəbindən Los-Ancelesdə yerləşdirilən milli qvardiyaçıların sayını iki dəfə artıraraq 4 min nəfərə çatdırmaq qərarına gəlib. Bundan əlavə, Los-Ancelesə 700 dəniz piyadası da göndərilib. AFP yazır ki, Tramp administrasiyası bu qərarı federal məmurlara və binalara qarşı artan təhdidlərlə əsaslandırıb.

ABŞ prezidenti D.Tramp Los-Ancelesdə davam edən etirazlarla bağlı şərhində iğtişaşların yaranmasında "peşəkar" təbliğatçılar və üsyançıları günahlandırıb. O, federal mərkəzə tabe olan daha çox hüquq-mühafizə qüvvələrini Kaliforniyaya göndərmək ehtimalından bəhs edib.

ABŞ-də immiqrasiya və dövlət sərhədinin mühafizəsi məsələlərinə cavabdeh komissar Tomas Homan Kaliforniya rəsmilərini xəbərdar edib ki, Milli Qvardiyanın fəaliyyətinə maneə törətmək həbslə nəticələnə bilər. O qeyd edib ki, "hər kəsi nəzərdə tutur".

Tramp bildirib ki, Kaliforniyanın demokrat qubernatoru Q.Nyusomun həbsini dəstəkləyərdi. "Qevin diqqət mərkəzində olmağı sevir, amma məncə, bu, əla qərar olardı", –Tramp bildirib. Nyusom isə bu sözləri "avtoritarizmə doğru atılmış addım" adlandırıb. Sorğular göstərir ki, bir çoxları Nyusomu növbəti prezident seçkilərində Demokratlar partiyasının mümkün namizədi kimi görür və onun populyarlığı artır.

Los-Ancelesin meri Karen Bass federal hakimiyyəti vəziyyəti gərginləşdirməkdə ittiham edib: "Mən istəmirəm ki, insanlar administrasiyanın yaratdığı xaosa aldansın". \

Tramp isə buna cavab olaraq həm Bassı, həm də Nyusomu təhlükəni kiçiltməkdə günahlandıraraq əlavə edib: "Milli Qvardiya olmasaydı, Los-Anceles məhv edilərdi".

ABŞ İmmiqrasiya və Gömrük Polisi (ICE) tərəfindən qeyri-qanuni mühacirlərə qarşı reydlərdən sonra baş verən kütləvi iğtişaşlardan sonra ABŞ hökuməti Milli Qvardiyaçıları və dəniz piyadalarını Kaliforniyaya göndərib. Etiraz aksiyaları Los-Anceles və San-Fransiskoya yayılıb, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edilib.

XS
SM
MD
LG