Ukrayna və Moldova 2026-cı il yanvarın 1-dən etibarən Avropa İttifaqının (Aİ) "evdəki kimi dolaş" (Roam Like At Home – RLAH) rejiminə qoşulacaq və bu, onların Aİ-yə üzvlük istiqamətində irəliləyişini əks etdirən mühüm simvolik addım olacaq.
2017-ci ildən tətbiq olunmağa başlayan və Aİ-nin ən populyar siyasətlərindən biri sayılan "evdəki kimi dolaş" (RLAH) rejimi Aİ üzvü olan bir ölkədə mobil rabitə müqaviləsi olan şəxslərə digər Aİ ölkəsini ziyarət etdikdə mobil zənglər, SMS və internet trafikinə görə yerli (daxili) tariflərlə ödəniş etməyə imkan verir. Başqa sözlə, Aİ vətəndaşları ittifaq daxilində səyahət etdikdə əlavə rouminq haqları ödəmədən öz ölkələrindəki mobil xidmət şərtlərindən yararlana bilirlər.
RLAH rejimi yalnız Aİ üzvlərində deyil, həm də Avropa İqtisadi Zonasına daxil olan, ancaq Aİ üzvü olmayan ölkələrdə – İslandiya, Lixtenşteyn və Norveçdə də tətbiq olunur. Bundan əlavə, bəzi telekommunikasiya operatorlarının Aİ qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyi ölkələrdə də, məsələn, Böyük Britaniyada da bu rejim keçərlidir.
Bu son addımla – Ukrayna və Moldovanın RLAH rejiminə dəvət edilməsi – ilk dəfədir ki, Brüssel Aİ-yə namizəd ölkələri vahid bazarın bu hissəsinə qoşulmağa dəvət edir.
Bu, Ukrayna üçün nə ifadə edir?
Ukrayna üçün bu addım nə tamamilə gözlənilməzdir, nə də tamamilə yenilik sayılır. 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Aİ-dəkı mobil operatorlar bir sıra Ukrayna mobil rabitə şirkətləri ilə əməkdaşlıq etməyə başladı. Bu əməkdaşlıq isə ukraynalı qaçqınların Aİ ölkələrində öz mobil telefonlarından istifadə zamanı rouminq haqlarından azad olunması və ya çox aşağı tariflərlə xidmət almasına imkan verib. Bu imtiyaz Aİ tərəfindən bir neçə dəfə uzadılıb, sonuncu dəfə isə ötən ilin iyulunda Aİ Şurasında keçirilən səsvermədən keçərək qüvvədə saxlanılıb.
Aİ diplomatları bunu öz aralarında razılaşdırılması ən asan tədbirlərdən biri kimi xarakterizə edir. Bu, Ukraynaya aid digər siyasətlərdən, məsələn, Ukrayna mallarının Aİ-yə idxalında ticarət maneələrinin aradan qaldırılması kimi məsələlərdən fərqlənir.
Ukrayna artıq RLAH rejiminin daimi üzvü olacaq və bu barədə son qərarın digər üzv ölkələr tərəfindən iyulda verilməsi gözlənilir. Prosesin problemsiz həyata keçirilməsi üçün 2026-cı il yanvarın 1-dək keçid dövrü müəyyənləşdiriləcəyi gözlənilir. Bu keçid dövründə həmçinin müvəqqəti "evdəki kimi dolaş" imtiyazının son dəfə uzadılması barədə qərar iyulda qəbul olunacaq.
Moldovanın da gələn ilin əvvəllərində Ukrayna ilə birgə RLAH zonasına qoşulacağı gözlənilir. Lakin moldovalılar, Avropada olan ukraynalılar kimi, müvəqqəti rouminq imtiyazlarından, hələlik, istifadə etmirlər. Buna baxmayaraq, ötən ildən bəri Moldova və Aİ mobil operatorları könüllü və mərhələli şəkildə telekommunikasiya xərclərini azaldıblar.
Ukrayna və Moldova RLAH zonasına necə qoşulur?
Ukrayna və Moldovanın Aİ ilə son onillikdə imzalamış olduğu assosiasiya sazişləri bu ölkələrin RLAH rejiminə qoşulmasına imkan verir. Bu sazişlərdə "qarşılıqlı daxili bazar münasibəti" prinsip nəzərdə tutulub ki, bu da rouminq kimi məhsul və ya xidmətlərə aiddir. Bu isə o deməkdir ki, əgər Kiyev və ya Kişinyov həmin məhsul və ya xidmətlə bağlı Aİ qanunvericiliyinə uyğun fəaliyyət göstərərsə və Aİ qanunların tətbiqindən razı qalarsa, onlar həmin spesifik sahədə Aİ-nin daxili bazarının bir hissəsi hesab olunacaq.
Qərbi Balkan regionundakı (Albaniya, Bosniya-Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya) Aİ-yə namizədlərin Brüssellə assosiasiya sazişlərində bu müddəa yoxdur. Bu sazişlər Aİ-nin şərq qonşuları (Ukrayna, Moldova) ilə müqayisədə daha əvvəl imzalanıb. Bunun əvəzinə altı Balkan ölkəsi öz aralarında xüsusi rouminq sistemi yaradıb və məqsəd zamanla Aİ ilə tarifləri tədricən azaltmaqdır.
Ötən ildən etibarən həm Ukrayna, həm də Moldova Aİ-nin rouminq və telekommunikasiya sahəsində qanunvericiliyini tətbiq etməyə başlayıb. Bunların bəzisi texniki standartlar, şəbəkələr və qiymətlərin tənzimlənməsi ilə bağlıdır, digərləri isə antenaların və ötürücü qurğuların sayı kimi praktik məsələləri əhatə edir.
Ukrayna parlamenti bu sahədə zəruri olan son qanunu apreldə qəbul edib. İyunun 6-da isə Avropa Komissiyasına bütün müvafiq qanunların dərc olunduğu barədə yekun məlumat göndərilib. Avropa Komissiyası tezliklə Aİ üzv ölkələrinə Kiyevin tamhüquqlu üzv kimi qoşulmasını dəstəkləmək üçün tövsiyə verəcək.
Moldova isə Ukraynadan bir neçə həftə geridə qalır, lakin Avropa Komissiyası iyunun sonuna qədər bütün zəruri qanunvericilik dəyişiklikləri barədə məlumatlandırılacağına ümid edir.
Ümumilikdə, bu tədbirlər istehlakçılar üçün müsbət olsa da, şübhəsiz ki, həm Moldova, həm də Ukrayna mobil operatorları maliyyə baxımından itkiyə məruz qalacaqlar. Dəyişikliklər mərhələli olsa da, operatorlar, ehtimal ki, digər sahələrdə istehlakçılar üçün ödənişləri artırmaqla öz itkilərini kompensasiya edəcəklər.
Digər sual yaradan bir məqam isə RLAH siyasətinin Moldova və Ukraynada hansı əraziləri əhatə edəcəyi ilə bağlıdır. Moldova üçün Dnestryanı ərazisinin bu rejimə daxil olması gözlənilir, eyni zamanda, Rusiya işğalı altında olan Donbasın bəzi hissələrində də RLAH rejimi işləyə bilər. Lakin Kiyev münaqişə səbəbindən çoxsaylı ötürücü qurğuları itirib və 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq olunmuş Krım artıq tamamilə Rusiya telekommunikasiya şəbəkəsi tərəfindən əhatə olunur.
Yazı AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.