İsrailin İranın nüvə zənginləşdirmə obyektlərinə qarşı hərbi əməliyyatı və Vaşinqtonun buna reaksiyası ABŞ prezidenti Donald Tramp üçün bir sınağa çevrilib. Axı o, seçki kampaniyası dövründə Birləşmiş Ştatların xarici münaqişələrdən kənarda qalacağı vədini vermişdi.
AzadlıqRadiosunun Vaşinqton bürosunun yazarı və redaktoru Marqret Conson yazır ki, Tramp ABŞ ordusunun 250 illiyini qeyd etməyə hazırlaşır. İyunun 14-də Vaşinqtonda böyük hərbi parad keçiriləcək. Bu tədbir Trampın 79-cu ad günü ilə üst-üstə düşür. Bundan öncə prezident immiqrasiya ilə bağlı iğtişaşlara nəzarət üçün Kaliforniyaya qüvvələr göndərib.
Dövlət katibi Marko Rubio administrasiyadan İsrailin hücumuna reaksiya verən ilk rəsmi olub. O, Birləşmiş Ştatların hücumda iştirak etmədiyini deyib. Amma xarici siyasət ekspertlərinin iyunun 13-də dediyinə görə, Trampla İsrailin baş naziri Benyamin Netanyahu hücumdan öncə dəfələrlə danışıblar.
“Hər şeyi bilirdik. İranı aşağılanmaqdan və ölümdən xilas etməyə çalışdım. Onları xilas etməyə çox çalışdım, çünki razılaşmanın əldə olunmasını çox istəyirdim”, – Tramp İsrailin hücum planları barədə “Reuters”ə deyib.
Tramp “Truth Social” şəbəkəsində yazıb ki, İsrailin planlarından xəbəri olmayıb, “hələ çox şey olacaq”.
“Oksigen sərfiyyatı”
Amma o, vəziyyəti İranın nüvə proqramının məhdudlaşdırılması üçün razılaşmanın əldə olunmasından ötrü Tehrana ikinci şans kimi təsvir etməyə çalışıb:
“Ortalıqda heç nə qalmayanadək İran razılaşma əldə etməli, vaxtilə İran İmperiyası kimi tanınan ölkəni xilas etməlidir”, – Tramp yazıb.
İyunun 15-də Omanda İran rəsmiləri ilə Tehranın nüvə proqramı üzrə danışıqlar olmalıydı. İran iştirak etməyəcəyini bildirib. Tramp isə deyib ki, danışıqlar hələ də gündəmdədir, amma onların keçiriləcəyindən əmin deyil.
ABŞ-nin Fars Körfəzində hərbi qüvvələrinin olmasını nəzərə alsaq, Vaşinqton regionda daha bir müharibəyə cəlb oluna bilərmi.
Tramp isə daha öncə İsrailin ABŞ-nin verdiyi qırıcılar və digər silahlardan istifadə etməsilə öyünüb. Onun birinci administrasiyası dövründə milli təhlükəsizlik müşaviri olmuş Con Bolton deyir ki, Birləşmiş Ştatlar İsrailə təkcə kəşfiyyat məlumatı verməməlidir, həmçinin ikinci fazaya – potensial rejim dəyişikliyinə hazırlaşmalıdır.
“İranın nüvə proqramı təkcə İsrailin deyil, Amerikanın da problemidir. Bu, qlobal nüvə yayılması problemidir, onun çox uzağa getməsinə imkan vermişik”, – o bildirib.
Bolton iyunun 13-də CNN-ə müsahibəsində İranla danışıqları “oksigen sərfiyyatı” adlandırıb.
Real ehtimal
Yaxın Şərq üzrə digər ekspertlərin fikrincə, Birləşmiş Ştatların regionda daha bir müharibəyə cəlbi ehtimalı realdır.
Xarici Əlaqələr Şurasında Yaxın Şərq Araşdırmaları üzrə aparıcı əməkdaş Eliot Abrams deyib ki, İran hansısa amerikalını öldürərsə, Birləşmiş Ştatlar buna cavab verəcək. Amma o əlavə edib ki, Tehranın bunu “edəcək qədər səfeh olmadığına” inanır.
Abrams jurnalistlərə söyləyib ki, Tramp belə bir tezis əsasında çalışır – Birləşmiş Ştatlar harasa müdaxilə etmək istəmir, amma “problem yaratsan, səni öldürəcəyik”.
Abrams və digər ekspertlərin dediyinə görə, yeraltı Fordo nüvə obyektini dağıtmaq üçün İsrailə bunker yaran bomba lazım olacaq. O inanır ki, Birləşmiş Ştatlar İsrailə bu silahı verməyəcək, özü də ondan istifadə etməyəcək.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində siyasət eksperti Daniel Baymanın mövqeyincə, İsrailin hücumu nəticəsində İranın nüvə proqramının uzun müddətə sıradan çıxıb-çıxmadığı aydın deyil. Trampın müharibə istəməməsinə baxmayaraq, o, işi bitirməyə çalışa bilər. Bayman onlayn şərhində yazıb ki, Birləşmiş Ştatlar “asanlıqla bu münaqişəyə cəlb oluna bilər”.