İsrailin İrana irimiqyaslı hücumu ordunun hərbi rəhbərliyini karıxdırmış kimi görünür və cavab zərbəsinin endirilməsini yubada bilər.
AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi yazır ki, İsrailin zərbələrinin əsas hədəfə çatıb-çatmadığı aydın deyil: İranın nüvə proqramı məhdudlaşdırıldımı? Axı İsrail iddia edir ki, Tehran nüvə silahı hazırlamaq ərəfəsindədir. İran isə proqramının yalnız mülki məqsədli olduğunu bildirir.
Baş nazir Benyamin Netanyahu, İsrailin digər rəsmiləri İranın son vaxtlar uran zənginləşdirməni sürətləndirdiyini iddia ediblər. Onların sözlərinə görə, bu işlər elə bir həddə çatıb ki, nüvə silahı bir neçə aya deyil, hətta bir neçə günə hazırlana bilər.
İsrail İranın nüvə infrastrukturunun əsas komponentlərini, Natanz zənginləşdirmə obyektini, həmçinin Tehranda və ətrafında hərbi obyektləri vurub. Ordunun yüksəkrütbəli rəsmilərinin, nüvə fiziklərinin olduğu bildirilən yaşayış binaları da vurulub. Baş qərargah rəisi, SEPAH-ın (İslam İnqilab Keşikçiləri Korpusu) komandanı öldürülüb.
İsrail rəsmiləri məqsədin İranın nüvə qabiliyyətini, eləcə də geniş ballistik raket arsenalı vasitəsilə cavab zərbəsi endirmək gücünü zəiflətmək olduğunu deyirlər.
"Netanyahu Yaxın Şərqdə yeni fəsil açdı – İsrail-İran nüvə müharibəsi erası", – İsrailin Milli Təhlükəsizlik Şurasının keçmiş başçı müavini Eran Etzion X platformasında yazıb.
"Bu müharibənin bəyan edilən məqsədi İranın nüvə proqramını dayandırmaq olsa da, əsl məqsədi İran rejiminin əsaslarını hədəfə almaqdır", – o əlavə edib.
Risk böyükdür
Təhlükəsizlik üzrə təhlilçilər əməliyyatı qabaqlayıcı avantüra kimi görürlər – İsrail özünün varlığına təhdid saydığı prosesi önləməyə çalışır, amma eyni zamanda regional müharibəni alovlandırmaq, hətta İranın nüvə ambisiyalarını sürətləndirmək riski yaradır.
Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı əməkdaşı Denni Sitrinonviç deyir ki, bu zərbə İranın nüfuzunu ciddi şəkildə sarsıtdı, çünki onun havadan müdafiəsini yardı, aparıcı komandirlərini məhv etdi.
Ancaq İranın nüvə proqramına təsirini "məhdud" sayır, çünki əsas obyektlər, o cümlədən güclü qorunan "Fordo" zədələnməyib.
"Bu, daha uzun kampaniyanın açılışıq mərhələsidir. Görünür, İsrail gələcək eskalasiya üçün bəzi kartları əlində saxlayır", – Sitrinonviç X-də yazıb.
İranın variantı varmı?
İranla ABŞ arasında nüvə danışıqlarının iyunun 15-nə planlaşdırılan altıncı raundu, görünür, baş tutmayacaq. Diplomatiyanın çıxdaş olunduğu bir vaxtda İranın istənilən reaksiyası eskalasiyanı dərinləşdirə bilər.
Tehran ilkin reaksiyanı İsrail tərəfə 100-dək "Şahed" dronu buraxmaqla verib. Amma onların çoxu İsrailin hava məkanından kənarda tutulub.
İran liderləri İsrailə və regiondakı ABŞ qüvvələrinə cavab zərbələri endirəcəkləri ilə bağlı xəbərdarlıqları təkrarlayıblar. Vaşinqton bu zərbədə əli olmadığını bildirsə də, İran onu da məsul tutur.
Tehran ABŞ hərbi bazalarını hədəfə alarsa, Vaşinqtonu daha geniş münaqişəyə çəkə bilər.
ABŞ kəşfiyyatının hesablamasına görə, İranın 2 minədək raketinin çoxu azı 900 kiloqram partlayıcı daşıya bilər. Tehran aya 50-dək ballistik raket istehsal edir. İsrailin bu arsenalın nə qədərini sıradan çıxardığı bəlli deyil.
İranın regiondakı əlaltıları da xeyli zəiflədilib. Qəzza müharibəsi ABŞ-nın terrorçu saydığı HƏMAS qruplaşmasına zərbə vurub. Livanın "Hizbullah" qruplaşması bu yaxınlaradək İsrailin hücumlarına məruz qalıb. Hazırda Yəməndəki husilər Tehranın ən fəal hərbi müttəfiqi sayılırlar.
Tehran həmçinin qlobal nüvə silahlarına nəzarət üzrə Yayılmama Sazişindən (NPT) çıxmağı nəzərdən keçirə bilər. ABŞ kəşfiyyatı, İsrailin dəyərləndirməsinə zidd olaraq, İranın nüvə silahı hazırlamağa çalışdığına inanmır. Amma islam respublikası İsrailin hücumundan istifadə edərək NPT öhdəliklərini kənara ata, nüvə silahı hazırlamaq yönündə irəliləyə bilər.
"Ola bilsin ki, Netanyahu hökuməti İran rejiminə nüvə silahı hazırlamaq üçün daxili və beynəlxalq legitimlik vermiş oldu", – Etzion xəbərdarlıq edib.