İsrailin İranın nüvə obyektlərinə və hərbi rəhbərliyinə qarşı həyata keçirdiyi zərbələr bütün dünyada rezonans doğurub, bölgədə gərginliyin artması və genişmiqyaslı müharibə təhlükəsi ilə bağlı ciddi narahatlıqlar yaradıb. Bu "şok və qorxu" kampaniyasının sədası prezidenti Vladimir Putinin özünü Tehranla güclü vasitəçi kimi təqdim etdiyi Moskvada da eşidilib
Rusiya bu zərbələrə dərhal və qəti şəkildə reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyi yayımladığı geniş bəyanatda Yaxın Şərqdə gərginliyin təhlükəli şəkildə artmasından "son dərəcə" narahat olduğunu bildirib və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib.
"BMT-nin suveren üzv dövlətinə, onun vətəndaşlarına, dinc və yuxuda olan şəhərlərinə, eləcə də nüvə energetikası infrastrukturuna qarşı səbəbsiz hərbi hücumlar qətiyyən qəbuledilməzdir", - bəyanatda bildirilib. "Beynəlxalq ictimaiyyət sülhü məhv edən, regional, həmçinin beynəlxalq təhlükəsizliyə zərbə vuran bu cür vəhşiliklərə biganə qala bilməz".
Nazirlik bildirib ki, hücumların vaxtının seçilməsi "xüsusi riyakarlığın" ifadəsidir. Qeyd olunub ki, İsrailin zərbələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin iclası zamanı və Tehranın nüvə proqramı ilə bağlı İran və ABŞ nümayəndələri arasında danışıqların altıncı raundu ərəfəsində həyata keçirilib.
Bu bəyanat bəzilərinə riyakarlıq kimi görünə bilər - xüsusilə də "yatan şəhərlər" ifadəsi Rusiyanın Ukrayna şəhərlərinə davamlı bombardmanını xatırladır. Lakin bu hərbi kampaniyanın Rusiya üçün geosiyasi nəticələri aydındır. Bu, İranın Rusiya ilə strateji tərəfdaşlığını sınağa çəkir və Ukrayna ilə bağlı Vaşinqtonla danışıqlarda istifadə edə biləcəyi önəmli kartı Kreml potensial olaraq itirə bilər.
Rusiya-İran tərəfdaşlığının sərhədləri
Kreml lideri ABŞ prezidenti Donald Trampla son telefon danışığında İranla razılaşmada vasitəçi kimi öz namizədliyini irəli sürüb.
"TruthSocial" platformasındakı paylaşımında prezident Tramp yazıb: "Mən prezident Putinə bildirdim ki, İranın nüvə silahı ola bilməz və bu məsələdə biz razılaşmışıq. Prezident Putin isə İranla aparılan danışıqlarda iştirak edəcəyini və, bəlkə də, bu prosesi sürətlə yekunlaşdırmaqda faydalı ola biləcəyini təklif edib".
Bu həftənin əvvəlində Moskva İranın nüvə proqramını nəzarətdə saxlamaq istiqamətində potensial roluna dair təfərrüatları açıqlayıb. Rusiya İranın nüvə materialını ixrac edərək onu reaktor yanacağına çevirməyə kömək etməklə gərginliyin azalmasına dəstək verə biləcəyini irəli sürüb.
Lakin İsrailin İran əleyhinə hərbi addımları, potensial olaraq, Tehranın nüvə proqramını məhdudlaşdırmaq istiqamətində diplomatik səyləri poza bilər.
Rusiya və İran arasında münasibətlər Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminə göstərdikləri dəstək əsasında möhkəmlənib. Yanvarda Moskvaya səfərində İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə strateji tərəfdaşlıq sazişi imzalayıb. Lakin bu tərəfdaşlığın da müəyyən sərhədləri mövcuddur.
Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması üzrə Ceyms Martin Mərkəzinin tədqiqatçısı Hanna Notte X platformasında yazıb: "Unutmayın ki, Strateji Tərəfdaşlıq Müqaviləsi Moskvanın Şimali Koreya (DPRK) və Belarus üçün göstərilən qarşılıqlı müdafiə öhdəliklərini əhatə etmir". O, həmçinin xatırladıb ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu yaxınlarda İran hücuma məruz qaldığı təqdirdə Rusiyanın onun müdafiəsinə getmək öhdəliyinin olmadığını deyib.
"TruthSocial" platformasında paylaşımında ABŞ prezidenti Donald Tramp İranın hələ də danışıqlar masasına gəlmək imkanının olduğuna işarə edib: "İran ondan heç bir şey qalmamışdan əvvəl razılığa gəlməli və vaxtilə İran İmperiyası kimi tanınan ərazini xilas etməlidir... ÇOX GEC OLMADAN ƏVVƏL SADƏCƏ BUNU EDİN. Tanrı hamınızı qorusun!".
Belə bir razılaşmanın əldə olunması üçün Putinin vəd etdiyi rolu oynayıb-oynamayacağı da sual altındadır.
Yazı AzadlıqRadiosunun Rusiya üzrə regional direktoru Natan Hoc tərəfindən hazırlanıb.