Tehranın Təl-Əvivə və İsrailin digər şəhərlərinə yeni raket zərbələrindən azı 3 nəfər həlak olub. Onlarla yaralı var.
İsrail ordusu isə İrana havadan zərbələrin yeni dalğasını elan edib. Tehran vilayətində onlarla rajet buraxıvı və havadan müdafiə sisteminin hədəfə alındığı bildirilib.
İsrailin müdafiə naziri İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə sərt xəbərdarlıq edib.
“Xameneyi İsrailə raket buraxmağa davam edərsə, Tehran yanacaq”, – İsrael Kats ordunun baş qərargahında görüşdən sonra deyib.
Son əməliyyatlar Yaxın Şərqi hərtərəfli müharibə həddinə çatdırır. Yerli rəsmilər İsrailin ötən gecə Qəzzaya zərbələrində azı 27 nəfərin öldürüldüyünü bildirirlər.
İranda partlayışlar
İyunun 14-də İranda müxtəlif yerlərdə ardıcıl partlayışlar eşidilib.
Yarırəsmi Mehr xəbər agentliyi İsrailin Təbrizdə neftayırma zavoduna hücum etdiyini yazır. Zavoddan tüstü qalxdığı görünür.
Tehranda, digər şəhərlərdə yaşayış məskənləri vurulub.
Dövlət televiziyası iyunun 14-də daha iki generalın öldürüldüyünü xəbər verib. Qulamrza Mehrabi və Mehdi Rabani silahlı qüvvələrin baş qərargahının aparıcı üzvləridirlər.
Bununla da İsrailin zərbələrindən həlak olan yüksəkrütbəli ordu rəsmilərinin sayı səkkizə çatıb.
İsrail ordusu İranın nüvə proqramlarında əli olan “doqquz aparıcı alim və ekspert”in də vurulduğunu bildirib.
İran İsrailə yenidən raket zərbələri endirib
Tehran Təl-Əvivə və İsrailin digər şəhərlərinə yenidən raket zərbələri endirib. İsrailin baş naziri Benyamin Netanyahu isə İrana yeni hücumlar vəd edib.
İyunun 14-nə keçən gecə Təl-Əviv, Hayfa, Yerusəlim şəhərlərində İranın yer-yer tipli raketləri vurulub. Məlumatı İsrail ordusu açıqlayıb. İsrail iyunun 13-də Tehranın nüvə proqramına bağlı ərazilərə hava hücumu gerçəkləşdirib. Bundan sonra İran artıq ikinci gündür raket zərbələrini davam etdirir.
İsrail boyunca hava həyəcanı verilir. Gecə 1:15-də Təl-Əvivdə böyük partlayış canlı yayımda göstərilib. Daha sonra yaşayış kompleksinə ziyan görüntülənib.
İsrail ordusu sakinləri bir gün əvvəl olduğu kimi sığınacaqlara qayıtmağa çağırıb.
İsraildə səhər açılanda bir sıra şəhərlərə raket hücumları olub, bəzi evlərin dağıldığı, ölkənin mərkəzində azı 10 nəfərin yaralandığı xəbər verilir.
Bir gün öncə İsrail İranda nüvə obyektlərinə qarşı əməliyyatlar keçirilib, baş qərargah rəisi, bir neçə ordu rəsmisi, nüvə alimləri öldürülüb.
İran təmsilçisinin BMT-yə bildirdiyinə görə, 13 iyun zərbələrindən 78 nəfər öldürülüb, azı 320 nəfər yaralanıb. Dövlət televiziyası iyunun 14-də bildirib ki, Tehranda yaşayış kompleksinə hücumda 20-si uşaq daxil olmaqla 60 nəfər öldürülüb.
İyunun 14-də səhər yayılan təsdiqlənməmiş məlumatlara görə, Tehranın Mehrabad aeroportuna iki raket düşüb, orada yanğın başlayıb
İsrailə atılan raketlər isə bir qadının həyatına son qoyub, azı 34 nəfər yaralanıb.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında danışıqlara çağırıb.
İsrailin baş naziri Benyamin Netanyahu dünənki çıxışında deyib ki, o, İran vətəndaşları ilə savaşmır. Netanyahu iranlıları “sizə 46 ildir zülm edən qəddar diktaturanı devirməyə çağırıb.”
İrana kütləvi zərbələrə 200-dək qırıcı cəlb olunub. İsrail televiziyası Mossad kəşfiyyat agentliyinin İranın daxilində gizli baza qurma ehtimalından danışıb.
İsrail məqsədinin İranın nüvə proqramını məhdudlaşdırmaq olduğunu deyir. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.