ABŞ Federal Təhqiqat Bürosunun (FBI) ən yaxşı əks-kəşfiyyat agentlərindən biri sanksiya altında olan rusiyalı oliqarx Oleq Deripaskaya qanunsuz xidmət göstərməkdə ittiham olunaraq 2023-cü ilin yanvarında həbs ediləndə ABŞ milli təhlükəsizlik ictimaiyyətini təəccüb bürüdü.
O vaxta qədər təqaüdə çıxmış Çarlz Makqoniqal karyerasının son illərini Rusiya casusları və oliqarxlarını araşdırmağa həsr etmişdi. O, günahını etiraf etdi və elə həmin ilin dekabrında 4 ildən artıq müddətə azadlıqdan məhrum edildi.
ABŞ hakimiyyət orqanları tərəfindən Deripaska işində ittiham olunan yeganə şəxs Makqoniqal deyildi.
16 aydan çox davam edən gecikmə və təxirəsalmalardan sonra keçmiş sovet və Rusiya diplomatı, sonradan ABŞ vətəndaşlığı alaraq rəsmi məhkəmə tərcüməçisi kimi çalışan Sergey Şestakov da iyunun 17-də məhkəmə qarşısına çıxacaq. Ona qarşı sürülən ittihamlar Makqoniqalınkı ilə oxşardır. Makqoniqal kimi, Şestakov da 2018-ci ildə ABŞ sanksiyalarına məruz qalmış oliqarx Deripaskanın bu sanksiyalardan yayınması üçün ona kömək etməkdə, həmçinin çirkli pulların yuyulması məqsədilə cinayət əlaqəsinə girməkdə ittiham olunur. Makqoniqalla eyni vaxtda həbs edilən Şestakov həmçinin FBI əməkdaşlarına yalan ifadə verməkdə günahlandırılır.
Onun məhkəmə prosesi və məhkəməyə qədərki hüquqi çəkişmələr daha az diqqət cəlb edib. Bunun əsas səbəbi isə Şestakovun Makqoniqal qədər tanınmamasıdır. 2018-ci ildə FBI-ın Nyu-York ofisindən təqaüdə çıxana qədər Makqoniqal, Deripaska da daxil olmaqla, Rusiya casusları və oliqarxlarının izlənməsinə yönəlmiş səylərin ön cəbhəsində olub.
Şestakov və Makqoniqal təkcə biznes tərəfdaşı deyil, həm də hər ikisinin uzun illər zamanının çoxunu Konnektikutdakı malikanəsində keçirən keçmiş rusiyalı oliqarxı Vladimir Qusinski ilə əlaqələri var. Qusinski Şestakov və Makqoniqala qarşı irəli sürülmüş cinayət işində rəsmi şəkildə ittiham olunmayıb. Bununla belə, o, FBI-ın diqqət dairəsinə düşüb. FBI agentləri onun artıq ayrı yaşadığı həyat yoldaşını və cütlüyün Konnektikutdakı evində çalışan işçiləri Qusinski ilə bağlı iki dəfə dindiriblər. Qusinskini Makqoniqala Şestakov tanıdıb və rusiyalı oliqarx hər ikisi ilə şəxsi münasibətlər qurub.
Şestakov ittihamlar üzrə özünü təqsirsiz hesab edib.
"Onların Deripaskanın özü üçün deyil, onun şirkətinin adından fəaliyyət göstərdikləri iddiası inandırıcı görünmür. Bu, fərq yaratmayan bir fərqləndirmədir", –"Xarici agentlər: Amerika lobbiçiləri və qanunvericiləri dünyada demokratiyanı necə təhdid edir" kitabının müəllifi Keysi Mişel bildirib: "Görünən odur ki, onlar Rusiyanın yetiştirdiyi ən bədnam oliqarxlardan birinin xeyri üçün çalışıblar. Bu adam Kremlin kuklasıdır və Moskvanın istəklərini hər yerdə və hər şəkildə yerinə yetirməyə çalışıb".
Metallurgiya maqnatları
Manhettendəki ABŞ federal məhkəməsində olan sənədlərə görə, Şestakovun müdafiəsi onun və Makqoniqalın gördüyü işin Deripaska üçün yox, onun böyük holdinq konqlomeratı "EN+ Group" üçün olub-olmaması sualına əsaslanır. "EN+ Group" dünyadakı ən böyük alüminium şirkətlərindən biri olan "Rusal"ı idarə edir.
Bu müdafiədə əsas fiqur "EN+ Group" şirkətinin əməkdaşı Yevgeni Fokin təşkil edir. FBI iddia edir ki, o, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin agentidir.
Şestakovun vəkili Rita Qlavin məhkəməyə təqdim etdiyi sənədlərdə bildirib ki, Fokin Şestakov və Makqoniqalın "EN+ Group" şirkəti üçün çalışdığını və, əsasən, ABŞ qanunları çərçivəsində Deripaskaya məxsus şirkətlərin maraqlarını dəstəkləmək üçün lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu sübut edəcək dəlillər təqdim edə bilər. Vəkil Qlavin şərh sorğusuna cavab verməyib.
Prokurorlar iddia edir ki, Fokin Şestakov və Makqoniqal ilə birlikdə "məhkəmə qarşısına çıxarılmayan cinayət ortağı" olub. Məhkəmə sənədlərinə görə, FBI 2019-cu ilin iyulundan etibarən Fokini müşahidə edib, şəkillərini çəkib və gizli şəkildə səsyazısı aparıb. 2022-ci ildə isə agentliyin tələbi ilə onun ABŞ vizası ləğv olunub.
Prokurorlar və Şestakovun vəkili Qlavin arasında Rusiyada yaşayan və "EN+ Group" şirkətində Deripaskanın müşaviri kimi çalışan Fokinin ifadəsinin alınması ilə bağlı mübahisələr yaşanıb. Məhkəmə sənədlərinə görə, o, mümkün həbs qorxusu səbəbindən ABŞ-yə səfər etməkdən imtina edib.
Fokinin ifadəsinin Türkiyə və ya Dubayda alınması ilə bağlı danışıqlardan sonra tərəflər razılığa gəliblər ki, Fokin məhkəmə zamanı videokonfrans vasitəsilə ifadə verəcək.
Fokin AzadlıqRadiosunun şərh üçün göndərdiyi elektron məktublarına cavab verməyib.
Nyu-Yorkda rusdilli dairələr arasında Şestakov "problemləri həll edən", "məsələləri yoluna qoyan" və "xarizmatik" şəxs kimi tanınıb. Sovet və Rusiya xarici işlər nazirliklərində çalışmış, sonradan ABŞ vətəndaşlığı almış Şestakov 1993-cü ildə Nyu-York ətrafına köçərək təqaüdə çıxıb. 2010-cu illərdə o, ABŞ federal məhkəmələri, Manhetten və Bruklin prokurorluq idarələri üçün rəsmi tərcüməçi kimi fəaliyyət göstərib.
Şestakovun Fokinlə münasibəti 1980-ci illərə gedib çıxır. Qusinski bir vaxtlar onların hər ikisini işə götürüb. Hətta 2019-cu ildə Şestakov Qusinskinin adına olan kredit kartını istifadə edib. O, bu kartla, digər alış-verişlə yanaşı, minlərlə dollar dəyərində peşəkar xokkey oyunlarına bilet alıb.
Qusinski də şərh vermək üçün göndərilən elektron məktublara cavab verməyib.
"Xeyr. Heç bir iş münasibəti olmayıb"
İttihama görə, Şestakov 2018-ci ildə Makqoniqalı Fokinlə tanış edib. Həmin ilin aprelində ABŞ Maliyyə Nazirliyi Deripaskaya "birbaşa və ya dolayı yolla Rusiya Federasiyası hökumətinin yüksəkvəzifəli rəsmisi adından və ya onun təmsilçisi kimi hərəkət etdiyinə görə" sanksiya tətbiq edib. Eyni vaxtda "EN+ Group" və "Rusal" şirkətləri də sanksiya siyahısına salınıb.
Rusiyanın ən varlı adamlarından biri olan Deripaska sərvətini 1990-cı illərin xaotik dövründə qazanıb. Həmin dövrdə Rusiya daxildəki biznesmenlər ölkənin iri sənayelərinə, o cümlədən alüminium istehsalına nəzarət uğrunda kəskin və qanlı mübarizə aparırdılar. Deripaska oliqarx anlayışının klassik nümunəsi sayılır: böyük sərvətə malik olan və Kreml ilə yaxın əlaqələri olan işadamı.
O, həmçinin uzun illərdir ABŞ hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Bu, ən azı 2006-cı ildən başlayır; həmin il ona ABŞ-yə daxil olmaq üçün viza verilməmişdi. Vizayla bağlı yaşadığı çətinliklər nəticəsində o, respublikaçılarla əlaqəli lobbiçilik firmalarının xidmətinə müraciət edib. O, 2010-cu illərin sonlarında, prezident Donald Trampın 2016-cı il seçki kampaniyasını qısa müddətlik idarə etmiş respublikaçı siyasi strateq Pol Manafort ilə birgə layihələrə sərmayə qoyub.
2022-ci ilin sentyabrında Deripaskaya qarşı ABŞ sanksiyalarından yayınmağa cəhd göstərdiyinə görə ittiham irəli sürülüb. İttihamlar arasında onun hamilə sevgilisinin ABŞ-yə səfərini təşkil edərək orada doğumun baş tutmasını təmin etdiyi və bunun uşağın ABŞ vətəndaşı olması məqsədilə edildiyi iddiası da yer alır.
2019-cu ildə Deripaska bu şirkətlərdəki mülkiyyətindən uzaqlaşmağa razılaşdıqdan sonra "EN+ Group" və "Rusal"a qarşı tətbiq olunan sanksiyalar ləğv edilib. Lakin Deripaskanın özü hələ də sanksiyalar altındadır.
ABŞ rəsmilərinin iddiasına görə, Fokin Deripaskanın rəqibi olan digər rusiyalı oliqarx və metallurgiya maqnatı Vladimir Potanin barəsində kompromat məlumatlar toplamaq üçün Makqoniqal və Şestakovu əməkdaşlığa cəlb edib.
Məhkəmə sənədlərinə görə, 2018-ci ilin sonunda FBI-dan təqaüdə çıxan Makqoniqal Fokinin qızı üçün Nyu-York Polis İdarəsində təcrübə proqramı yeri ayırtmağa da çalışıb. Bu isə idarə daxilində narahatlıq doğurub. Makqoniqal rəsmilərə bildirib ki, o, Fokini potensial ikitərəfli agent kimi cəlb etməyə çalışırmış.
2021-ci il noyabrın sonlarında FBI agentləri Şestakovun elektron cihazlarını müsadirə ediblər. Bir neçə gün əvvəl isə ona Fokinlə münasibəti barədə suallar verilib və onunla hər hansı bir iş əlaqəsinin olub-olmadığı soruşulub.
Məhkəmə sənədlərinə görə, Şestakov FBI-ya cavab olaraq bildirib: "Yox, heç bir iş münasibətim olmayıb".
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel tərəfindən hazırlanıb.