Rusiya qoşunları dağıdılmış Mariupol şəhərində Ukrayna müqavimətinin son qalasını mühasirəyə alarkən, İqor Titovski 2022-ci ilin mayında emosional telefon danışığında ailəsini ən pis ehtimala hazırlaşdırıb və onlara dəfn mərasimi üçün göstərişlər verib.
"Mən dedim ki, panikaya ehtiyac yoxdur: Sadəcə mənim cəsədimi qəbul edib dəfn edin", - o zaman baş leytenant, indi isə kapitan olan Titovski AzadlıqRadiosuna deyir. "Bu, anam üçün ağrılı idi, amma bundan qaçmaq mümkün deyildi".
"Mənəvi cəhətdən demək olar ki, qalan bütün heyət… başa düşürdü ki, bizim sağ qalmaq şansımız yoxdur. Sadəcə bunun nə vaxt baş verəcəyi sual altında idi".
Lakin dəfn mərasimi gözləyə bilərdi. O zəngdən çox keçməmiş, Titovski və "Azovstal" polad zavodunda gizlənən digər ukraynalılar - onların çoxu "Azov" briqadasının üzvləri idi - Kiyevdən gələn əmrlə təslim oldular və əsir götürüldülər. Bu isə bir zamanlar çiçəklənən, ancaq Rusiyanın üç ay əvvəl başlayan genişmiqyaslı işğalının nəticəsi olaraq tamamilə dağıdılan şəhərin ələ keçirilməsini rəsmiləşdirdi.
Titovski üçün isə "Azovstal"da keçirdiyi 86 gündən sonra əzablar yeni başlayırdı. Onun sözlərinə görə, o və digər əsirlər şiddətli döyülmələrə, elektrik cərəyanı ilə işgəncələrə, aclığa və digər zorakılıqlara məruz qalmışdılar. O, 846 gündən sonra əsir mübadiləsi nəticəsində azad edilib. 2024-cü ilin sentyabrında Belarusa avtobusla gətirilərək oradan Ukraynaya qaytarılanda Titovskinin çəkisi cəmi 50 kiloqram idi.
Şans nəticəsində sağ qalmaq
Titovski və "Azov" briqadasının digər üzvləri Mariupoldan uzun müddətdir Rusiya tərəfindən işğal olunmuş Donetsk vilayətinin Olenovka qəsəbəsində yerləşən həbsxanaya aparılıblar. Titovskinin sözlərinə görə, o, müharibə dövründə baş vermiş ən ölümcül hadisələrdən birində - 2022-ci il iyulun 28-dən 29-na keçən gecə baş verən və azı 50 hərbi əsirin həyatına son qoyan güclü partlayışdan sağ çıxmağı böyük şans sayır.
43 yaşlı Titovski deyir ki, o, təsadüf nəticəsində sağ qalıb. Növbətçi postuna təyin olunduğu üçün bayıra çıxarkən partlayış kazarmanı yerlə-yeksan edib. Partlayışın gücü onu qapıdan çölə atıb, qolunu və ayağını yaralayıb. O, alov içində olan binaya dəfələrlə qayıtsa da, digər əsgərlərdən heç bir iz tapa bilməyib.
"Mənim çarpayım yuxarıdan ikinci idi; dostum isə aşağı çarpayıda yatırdı. Elə bil heç vaxt olmamışdılar. Üç-dörd dəfə içəri girdim, bir neçə adamı çıxartdım. Amma nə çarpayımı, nə qardaşlarımı, nə də əşyalarımı tapa bildim. Heç nə qalmamışdı. Səkkiz çarpayının olduğu yerdə sadəcə boşluq var idi", - o xatırlayır.
Rusiya bu partlayışın Ukrayna qüvvələri tərəfindən atılmış HIMARS raketləri nəticəsində baş verdiyini iddia etsə də, BMT-nin İnsan Haqları Ofisi bu iddianın yalan olduğu qənaətinə gəlib. Qurum bildirib ki, "konstruksiyadakı zədələnmə izləri, sursatın şərqdən qərbə doğru hərəkət edən bir trayektoriya üzrə atıldığını göstərir" - başqa sözlə, partlayış Rusiya nəzarətində olan ərazilərin daha dərinlərindən atılıb.
BMT-nin İnsan Haqları Ofisi fevralda dərc olunmuş hesabatında bildirib ki, "Rusiya hakimiyyəti ukraynalı hərbi əsirlərə sistemli və geniş yayılmış işgəncələr, o cümlədən seksual zorakılıq və pis saxlanma şəraiti tətbiq edib". Hesabatda qeyd olunub ki, "İşgəncələr dindirmə zamanı və əsirlik müddətinin bütün mərhələlərində davamlı şəkildə tətbiq olunub".
Titovski üçün isə bir çoxlarının işgəncə kimi qiymətləndirəcəyi ən ağır zorakılıq və pis rəftar daha sonra başlayıb. Onun sözlərinə görə, Olenovkadan sonra o və partlayışdan sağ çıxan digər əsirlər sərhədə yaxın olan Rusiya şəhəri Taqanroqdakı həbsxanaya göndəriliblər və orada dərhal qəddar zorakılıqla üzləşiblər.
"Onlar bizi döyürdülər, əgər bunu döyülmə adlandırmaq mümkündürsə", - o bildirir və sözlərin onlara yaşadılan işgəncənin dərəcəsini tam ifadə etmədiyini vurğulayır. "Orada 20 yaşlarında, sağlam və güclü oğlanlar var idi, amma onlar belə o qədər ağır döyülürdülər ki, huşlarını itirirdilər".
Titovski deyir ki, rusiyalılar "əgər döymə görürdülərsə və "Azov" üzvlərinin çoxunda bunlar var idi" o zaman xüsusilə qəddar olurdular. "İstənilən kəsişən xətlər svastika hesab olunurdu. Siz onlara 300 dəfə başa sala bilərdiniz ki, bu, abstraksiyadır, amma yenə də biz onlar üçün nasistik".
"Azov" briqadası
İndi Ukrayna Milli Qvardiyasının tərkibində olan "Azov" briqadası 2014-cü ilin mayında, Rusiya Ukraynanın Krım yarımadasını ələ keçirdikdən və ölkənin şərqində, Donbas bölgəsində müharibəni qızışdırdıqdan dərhal sonra sağçı silahlı dəstədən könüllü batalyon kimi yaradılıb.
Rusiya rəsmiləri "Azov" briqadasının mənşəyi və onun ziqzaq simvolundan istifadə edərək Ukraynanın neonasistlər tərəfindən idarə olunduğu və ya onların təsiri altında olduğu barədə iddianı dəstəkləyirlər. Bu, Kremlin müharibəyə haqq qazandırmaq üçün istifadə etdiyi əsas narrativlərdən biridir.
Ukraynanın Zaporojye regionundan olan Titovski 2014-cü ildə Rusiyanın hücumu başlayanda ölkəsini müdafiə etmək üçün hərbi xidmətə yazılıb. O, 2021-ci ilin noyabrından "Azov" briqadasında xidmətə başlayıb.
Titovskinin sözlərinə görə, Taqanroq həbsxanasında keçirdiyi üç ay ərzində ona üç gün davam edən dindirmə tətbiq olunub. Titovski deyir ki, dindirmə zamanı onun ayaqlarına vurublar.
"Həqiqətən, bütün sol tərəfim (ayaq) o qədər döyülmüşdü ki, artıq qaralmışdı. Hətta bir ayağım irinləməyə başladı. İrinləmə topuq oynağına çatdığı üçün ayağımın üstündə dayana bilmirdim", - o deyir. Daha sonra onu Krıma ayağını amputasiya üçün göndəriblər, lakin ayağı kəsilməyib. Əvəzində yaranı sağaldan antibiotiklərlə müalicə olunub.
Bundan sonra Titovski Rusiyanın daha dərinlərində yerləşən Kamışin şəhərindəki həbsxanaya göndərilib. O deyir ki, burada da Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları ona elektrik cərəyanı veriblər.
"Ora yeni bir cəhənnəm idi, çünki orada elektrik cərəyanı ilə işgəncəni çox sevirdilər", - o, AzadlıqRadiosuna bildirir. "İlk dəfə idi ki, bununla qarşılaşırdım".
"Gələn kimi FSB (mühafizəçiləri) məni iki gün elektrik cərəyanı ilə dindirdilər. Başıma çuval keçirdilər, əllərimi arxadan bağladılar və məni yerə yıxdılar... İkisi üstümə oturdu və cərəyanı işə saldılar", - o bildirir.
Titovskinin sözlərinə görə, Kamışin həbsxanası elektrik cərəyanı və digər işgəncə üsullarından istifadə etməklə yanaşı, həmçinin əsirlərin Mariupolda mülki sakinləri öldürməsini etiraf etdirmək üçün vəhşi itləri onların üstünə salırdılar.
"Onlar (bizi) əlləri, ayaqları, dəyənəkləri və plastik su boruları ilə döyürdülər. Çəkim 50 kiloqrama düşəndə mənə dedilər ki, qarın əzələlərini gərginləşdir, indi səni yumruqlayacağıq. Sonra soruşdular: 'Bu yumruq necə idi, yaxşı idi?'".
Titovskinin normal çəkisi 70 kiloqramdır. Kamışin həbsxanasında əsirlərə gündə üç dəfə 150 qram kaşa verilirdi. "Yetkin bir kişi üçün bu, çox azdır", - o qeyd edir.
O deyir ki, üstəlik, əsirləri tez yeməyə məcbur edirdilər və əgər kimsə vaxtında bitirməsə, növbəti yeməkdə yemək porsiyasını azaldaraq cəzalandırırdılar.
Əsirlərə nə corab, nə də alt paltarı verilmirdi və Titovski həbsxanada qaldığı bütün iki il ərzində eyni diş fırçasından istifadə edib: "Bizə 16 nəfər üçün bir sabun verirdilər. Demək olar ki, nə tualet kağızı, nə diş fırçası, nə də diş məcunu var idi".
Bu ağır şərait yalnız rəsmi komissiya həbsxanaya gələndə və ya bir dəfə Qırmızı Xaç nümayəndələrinin ziyarəti zamanı dəyişirdi. Titovski əlavə edir ki, hətta o zaman belə, əsirlərə yalnız göstəriş üçün əşyalar verilirdi, bəzən isə onlardan istifadə etmək qadağan olunurdu.
2024-cü ilin sentyabrında Titovski yenidən Belqoroda köçürülüb, burada o və əsir yoldaşları mühafizəçilərin nəzakətli davranışı və kameralarındakı "mükəmməl" ağ çarşaf və dəsmallardan təəccübləniblər.
"Səhər bizi çölə çıxardılar və bir (Rusiya) xüsusi təyinatlı zabit dedi: "Yoldaşlar, evə gedirsiniz. Ailələrinizə salam deyin'", - o bildirir.
Amma Titovski bu sözü daha əvvəl də eşitmişdi və sonra yenidən həbsxanaya göndərilmişdi, ona görə də əvvəlcə inanmayıb. Lakin onları Ukrayna sərhədinə aparan mülki avtobusa minəndə ümidləri böyük idi.
Bu, 13 sentyabr cümə günü idi və "biz avtobusdan düşəndə bir lövhə gördük və gülməyə başladıq: Saat 13:13 göstərirdi", - Titovski xatırlayır.
"Sonralar dedim ki, kim mənə 13 rəqəminin uğursuz olduğunu və ya cümə günü 13-ün lənətli gün olduğunu desə, onların gözünün içinə rahatlıqla tüpürə bilərəm", - Titovski AzadlıqRadiosuna deyir.
"O, həyatımın ən xoşbəxt tarixi və ən xoşbəxt günü idi. Vətənə qayıtmaq - bunu ifadə etmək üçün söz tapmıram. Bu, tam başqa bir duyğudur".
Yazı AzadlıqRadiosunun Ukrayna xidmətinin müxbiri Valeriya Konstantinova tərəfindən hazırlanıb.