Kabil sakini Fərhad deyib ki, əhalisi sıx olan Əfqanıstan paytaxtında, demək olar ki, hər kəs müalicə üçün xaricə getməyə məcbur olan birini tanıyır. Buna səbəb isə ölkədəki patoloji laboratoriyaların xəstəliklərə dəqiq diaqnoz qoya bilməməsidir.
Fərhadın sözlərinə görə, onun qohumu olan 17 yaşlı qız son bir neçə ildir xəstədir, lakin hələ də xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.
"Kabildə bəzi tibbi laboratoriyalar və digər diaqnostika mərkəzləri var, lakin heç biri xəstəliklərə dəqiq diaqnoz qoya bilmir", - Fərhad AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə deyib.
Qız ən tanınmış mütəxəssislərdən müalicə alsa da, onların indiyə qədər yazdıqları dərmanlar heç bir nəticə verməyib.
"Təəssüf ki, kasıb qohumlarım xaricdə müalicə xərclərini ödəyə bilmirlər", - o qeyd edib.
Kabilin digər bir sakini, şərti adı Əhəd olan şəxs bildirib ki, şəhərdəki tibbi laboratoriyalardan biri ona xərçəng diaqnozu qoyubmuş. Lakin qonşu Pakistanda aparılan müayinədən sonra bu diaqnozun yanlış olduğu məlum olub.
Fərhad və Əhəd kimi, çoxsaylı əfqanlar ya yanlış diaqnozların qurbanı olurlar, ya da ölkədə standartlara cavab verən patoloji laboratoriyaların olmaması onlara dəqiq diaqnoz qoyulmasına mane olur.
Əfqanıstanın tibb sahəsində beyin köçü
Son 20 ildə Əfqanıstanda beynəlxalq yardım və özəl investisiyalar sayəsində yüzlərlə qabaqcıl tibbi laboratoriya və tomoqrafiya mərkəzləri inşa edilsə də, bu müəssisələrdə hazırda çox vaxt ixtisaslı olmayan tibbi personal çalışır, lazımi avadanlıq və test dəstləri çatışmır.
"Taliban" 2021-ci ilin avqustunda ölkədə yenidən hakimiyyətə gəldikdən sonra çox sayda ixtisaslı həkim və tibb işçisi Əfqanıstandan qaçıb. Eyni zamanda, "Taliban" qadınların evdən kənarda işləməsini qadağan etdiyindən ölkə qadın səhiyyə işçilərinin xidmətindən də məhrum olub.
40 milyon əhalisi olan kasıb ölkə 2002–2021-ci illərdə onun inkişaf etməkdə olan səhiyyə sektorunu dəstəkləyən beynəlxalq maliyyənin əksər hissəsini itirib. Bu dövrdə ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya islamçı "Taliban"la mübarizə aparıb və qərbpərəst Əfqanıstan respublikasını dəstəkləyirdi.
Əfqanların çoxu indi öz başlarının çarəsinə özləri baxmalı olur. Bir çoxları Pakistan, İran və Hindistan kimi qonşu ölkələrdə müalicə almaq üçün borc pul götürməli olurlar.
Şərqi Kunar vilayətində yaşayan Əbdül Səttar Əyyubi adlı gənc deyib ki, diaqnostik vasitələrin olmaması onun əmisi və anasını xaricdə müalicə almağa məcbur edib. Pakistanda onun əmisinə ürək xəstəliyi diaqnozu qoyulub, anası isə qan xərçəngindən əziyyət çəkir.
"Xaricdə tibbi müalicə almağa məcbur olan hər kəs problemlərlə üzləşir və böyük xərc ödəyir", - o, "Radio Azadi"yə bildirib.
Hər 10 min nəfərə 10 səhiyyə işçisi düşür
"Taliban" dörd il əvvəl ölkədə yenidən hakimiyyətə gəldikdən sonra Əfqanıstanda səhiyyə xidməti sürətlə pisləşib. BMT Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, hazırda təxminən 18 milyon - ölkə əhalisinin təxminən yarısının səhiyyə yardımına ehtiyacı var. ÜST bildirib ki, təxminən 10 milyon əfqanın əsas səhiyyə xidmətlərinə məhdud çıxışı var və ya, ümumiyyətlə, çıxışı yoxdur.
Ölkədə hər 10 min nəfərə yalnız 10 səhiyyə işçisi düşür. Bu da normal xidmət təminatı üçün tələb olunan hər 10 min nəfərə 44 səhiyyə işçisinin sayından xeyli azdır.
Tibbi laboratoriyalarla bağlı problemləri etiraf edən ÜST keçən ay bütün 34 əyalətdəki Mərkəzi İctimai Səhiyyə Laboratoriyalarına və obyektlərinə ləvazimatlar çatdırıb.
"Bu ləvazimatlar xərçəngin aşkar edilməsi, mikrobiologiya və biokimyəvi testlər üçün vacib əhəmiyyət kəsb edir, laboratoriyaların imkanlarını artırır və səhiyyənin keyfiyyətini yaxşılaşdırır", - təşkilat mayın sonlarında bildirib.
"Əfqan xəstələrinə çox vaxt vaxtında diaqnoz qoyulmur, bu isə hər zaman yeni ağırlaşmalara və xəstəliklərə səbəb olur", - Kabil sakini və daxili xəstəliklər üzrə mütəxəssis Ataulla Siyam deyib.
Kabildəki özəl tibbi laboratoriyanın mikrobioloqu İnamulla Kamavi Əfqanıstandakı diaqnostik mərkəzlərin qarşılaşdığı ciddi çətinlikləri etiraf edib. O bildirib ki, ölkədə laboratoriya texnikləri, alimlər və mütəxəssislər çatışmır. Bu problem xüsusi testlər üçün lazım olan düzgün avadanlıq və test dəstlərinin olmaması ilə daha da ağırlaşır. O, laboratoriya sahiblərinin maliyyə məhdudiyyətləri ilə bağlı danışarkən qeyd edib: "Biz əgər bahalı test dəstləri alırıqsa, onların da istifadə müddəti bitir və biz zərərə uğrayırıq".
Əfqanıstanın geniş bölgələrində isə sakinlər şəhərlərdə mövcud olan qüsurlu diaqnostikaya belə çıxış əldə edə bilmir.
Uruzqan əyalətinin cənubunda sakinlər yaxınlıqdakı Qəndəhar şəhərində müalicə almağa məcbur və ya təxminən 250 kilometr uzaqlıqda yerləşən Kabilə getməli olurlar. Onların bir çoxu müalicə üçün xaricə gedir.
"Biz (Taliban) hökumətindən tələb edirik ki, burada diaqnostik laboratoriyalar qursun, xəstələrimiz müalicə üçün başqa yerlərə getməyə məcbur qalmasın", - Uruzqan sakini Şəfiulla bildirib.
Yazı AzadlıqRadiosunun "Radio Azadi" xidməti tərəfindən hazırlanıb.