Polşanın baş naziri Donald Tusk Gürcüstan vətəndaşları üçün Avropa İttifaqına (Aİ) vizasız səfər hüququnun ya tamamilə ləğvini və ya məhdudlaşdırılmasını təklif edib. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu təklifi "şantaj" və "təhdid" adlandırıb. Onun bu fikirləri "İnterfaks" agentliyi tərəfindən sitat gətirilib.
İyunun 11-də parlamentdə çıxışı zamanı D.Tusk bəyan edib ki, onun ölkəsi Aİ səviyyəsində Gürcüstanla vizasız rejimin məhdudlaşdırılması və ya dayandırılması üçün lazımi çoxluğu formalaşdırır. O deyib ki, gürcülərin üçdə birinin Avropa dəyərlərini bölüşmək istədiyini bilsə də, "müəyyən" standartlara əməl etməyən ölkələrlə vizasız rejimin məhdudlaşdırılmasının tərəfdarıdır.
Tusk konkret olaraq nə demək istədiyinə aydınlıq gətirməyib, lakin fevralda o, Polşada fəaliyyət göstərən gürcü cinayətkar qrupları barədə danışmışdı. Həmin vaxt bu qruplara qarşı polis tərəfindən keçirilən reydlər nəticəsində kütləvi deportasiyalar həyata keçirilmişdi.
İqtidarda olan "Gürcü arzusu" partiyasının lideri, Gürcüstanın baş naziri İ.Kobaxidze bəyan edib ki, D.Tuskun çıxışı "gürcü xalqına qarşı açıq şəkildə real təhdid ehtiva edir".
"Bir xalqı onun etdiyi seçiminə görə və Avropada kimlərinsə bizim parlament seçkilərinin nəticələrindən narazı qalması səbəbiylə bu cür təhdid etmək yolverilməzdir", - Kobaxidze bildirib.
Kobaxidze deyib ki, bu, şantajdır və "Gürcüstanda siyasi proseslərin başqa istiqamətə yönəldilməsi məqsədilə planlaşdırılıb". O bildirib ki, belə şantaj illərdir davam edir və "gürcü xalqına təsir etmir".
2024-ci il noyabrın sonunda baş nazir Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını açıqlayıb. Bu da ölkə üzrə genişmiqyaslı etirazlara səbəb olub.
Polşa, Almaniya və Fransa dinc nümayişçilərə, media nümayəndələrinə və müxalifət liderlərinə qarşı törədilən zorakılığı, eləcə də siyasi şəxslərə qarşı təhdidləri qınayıb.
Bunun ardınca Berlin və Varşava etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyan bir neçə Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Baltikyanı ölkələr də Gürcüstana qarşı sanksiyalar tətbiq edib, Estoniya və Litva gürcü rəsmiləri və diplomatları üçün vizasız gediş-gəlişi ləğv edib.