Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 20:17

İsraildə və İranda dinc sakinlər sığınacaqlara çəkilir. Nüvə danışıqları təxirə salınır


İrandan atılan raketlər
İrandan atılan raketlər

İyunun 15-də İsrail və İran bir-birinin ərazisinə havadan zərbələr endirib. Dinc sakinlər sığınacaqlara çəkilib. Beynəlxalq səviyyədə sülhə çağırışlar səslənsə də, bu iki ölkə arasında silahlı münaqişədə səngimə yoxdur. ABŞ və İranın iyunun 15-nə planlaşdırılan nüvə danışıqları isə təxirə salınıb.

Səhər saatlarında Təl-Əviv və Yerusəlimdə partlayışlar eşidilib. İsrail ordusu sakinləri sığınacaqlarda gizlənməyə çağırıb. İyunun 13-dən bəri İranın dron və raket zərbələrindən azı 7 nəfər həlak olub, 200-dək insan yaralanıb.

İyunun 15-də İsrailin şimalına İranın raket zərbəsindən azı 14 nəfər yaralanıb, 20 yaşlarında bir qadın dünyasını dəyişib. İsrailin mərkəzinə zərbədə isə 10 yaşlı oğlan, 80 və 69 yaşlı daha iki nəfər ölüb, 100-dək yaralı var.


İrana zərbələr davam edir

İranın Tasnim agentliyi iyunun 15-də Tehranın İsrailə yeni dron və raket zərbələri endirdiyini təsdiqləyib.

Tehranda isə yanacaqdoldurma məntəqələrində növbə yarandığı, sakinlərin şəhəri tərk etməyə çalışdığı xəbər verilir.

İyunun 15-də səhər İsrail qüvvələri İranın Müdafiə Nazirliyinin binasını hədəfə alıb. İtkilər barədə hələlik, məlumat yoxdur.

“Tehran yanır”, – İsrailin müdafiə naziri İsrael Kats sosial mediada yazıb.

İlkin hücumlarda İsrail İranın enerji infrastrukturunu vurmamağa çalışırdı. Amma İranın Neft Nazirliyi iyunun 15-də bildirib ki, İsrail Tehranda iki yanacaq deposunu vurub.

Daha öncə isə Buşehr vilayətində Cənubi Pars qaz yatağında yanğın baş verdiyi açıqlanıb.

İsrailin baş naziri Benyamin Netanyahu video müraciətində deyib: “Yaxın gələcəkdə İsrailin Hava Qüvvələrini Tehran üzərində görəcəksiniz. Ayətullah rejiminin hər bir məkanına, hər bir hədəfinə hücum edəcəyik”.

Vaşinqton-Tehran gərginliyi və Azərbaycan 'iki od arasında'
Gözlə

No media source currently available

0:00 0:06:47 0:00

“Mənasız” nüvə danışıqları

İyunun 15-də Muskatda İran və ABŞ arasında planlaşdırılan nüvə danışıqları təxirə salınıb. Omanın xarici işlər naziri Bədr Əlbusaidi deyib ki, “diplomatiya və dialoq davamlı sülhə aparan yeganə yol olaraq qalır”.

İsrailin son iki gündə hava zərbələrindən sonra İran danışıqları “mənasız” adlandırıb. Xarici işlər naziri Abbas Ərağçi dövlət mediasına bildirib ki, danışıqları davam etdirmək əsassız olar.

İran generalı İsmayıl Kosarinin iyunun 15-də dediyinə görə, Tehran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir. Fars Körfəzindən neft tankerləri bu boğazdan keçir.

Qarşılıqlı hücumlar İsrailin iyunun 13-də İranın nüvə və raket obyektlərinə qəfil hava hücumundan sonra başlayıb. Baş qərargah rəisi, SEPAH-ın komandanı, daha bir neçə general və aparıcı nüvə alimləri öldürülüb. Ordunun indiyədək öldürülən yüksək rütbəli rəsmilərinin sayı 8-ə çatıb.

İsrailin müttəfiqi ABŞ İranı nüvə ambisiyalarını məhdudlaşdırmaqla bağlı razılığa gəlməyə çağırıb. BMT müfəttişləri İranın uranı nüvə silahı hazırlamaq dərəcəsində zənginləşdirdiyini deyirlər. İsrail kəşfiyyatı isə Tehranı özünün atom silahını hazırlamağa çalışmaqda suçlayır.


Tramp Putinlə, Ərdoğan Pezeşkianla danışıb

ABŞ prezidenti Donald Tramp iyunun 14-də öz sosial media platformasında yazıb ki, Rusiya prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki vəziyyəti və Kremlin Ukraynaya qarşı müharibəsini müzakirə edib.

“İran barədə çox danışdıq. Rusiya/Ukrayna haqda daha az danışdıq, gələn həftəyə qaldı... Zəng təxminən 1 saat çəkdi. O da mənim kimi hesab edir ki, İsrail-İran bunu bitirməlidir. Mən də izah elədim ki, onun da müharibəsi sona çatmalıdır”, – Tramp yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə iyunun 14-də İran prezidenti Məsud Pezeşkianla danışıb, İsrailin İrana hücumlarını pisləyib.

“Prezidentimiz bəyan etdi ki, İsrailin hücumları beynəlxalq hüququn aşkar pozulmasıdır, məqsəd bütöv regionu alova bürüməkdir, Netanyahu hücumlarla nüvə danışıqlarını sabotaj etməyə çalışır”, – Ərdoğan administrasiyasının məlumatında vurğulanır.

İsrailin baş naziri Benyamin Netanyahu isə deyib ki, o, İran vətəndaşları ilə savaşmır və onları "sizə 46 ildir zülm edən qəddar diktaturanı" aradan götürməyə çağırıb.

XS
SM
MD
LG