Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 14:14

Dünya xəbərləri

Qazaxıstanda 7 və 9 may paradları keçirilməyəcək

Qazaxıstanda parad, 2019-cu il
Qazaxıstanda parad, 2019-cu il

Nazirlik ölkədə 50-dək “hərbi-vətənpərvərlik tədbiri” keçiriləcəyini qeyd edir

Qazaxıstan hakimiyyəti bu il mayın 7 və 9-da Vətənin Müdafiəçisi Günü və Qələbə Günü paradlarını keçirməkdən imtina edib. Bu haqda ölkənin müdafiə nazirliyi bildirib.

“2022-ci ildə Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin formalaşdırılmasının 30 illiyi və 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində Qələbə Günü münasibətilə hərbi parad keçirilməsi planlaşdırılmır”, – məlumatda deyilir.

Nazirlik ölkədə 50-dək “hərbi-vətənpərvərlik tədbiri” keçiriləcəyini qeyd edir.

Qazaxıstan hakimiyyəti 2020 və 2021-ci illərdə Qələbə günü paradlarını koronavirus pandemiyası səbəbindən ləğv edib.

Ötən il isə prezidentin mətbuat katibi Berik Uali deyirdi ki, Qələbə günü münasibətilə təntənəli tədbirlər 2022-ci ilə keçirilib.

Bütün xəbərləri izləyin

Britaniya kəşfiyyat agentliyi MI6-ya ilk dəfə qadın rəhbərlik edəcək

Bleys Metreveli
Bleys Metreveli

Britaniyanın gizli kəşfiyyat xidməti MI6-nın 116 illik tarixində ilk dəfə olaraq təşkilata qadın rəhbər təyin olunacaq. Bu barədə iyunun 15-də Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bu ilin payızından MI6-nın rəhbəri 47 yaşlı Bleys Metreveli olacaq. O, bu vəzifədə Riçard Muru əvəz edəcək.

Metreveli MI6-da texnologiyalar və innovasiyalar şöbəsinin rəhbəridir. Bundan əvvəl o, Böyük Britaniyanın digər məşhur xüsusi xidməti - əks-kəşfiyyat orqanı MI5-də yüksək vəzifələr tutub, daha əvvəl isə Avropa və Yaxın Şərqdə kəşfiyyat sahəsində çalışıb. "Financial Times"ın qeyd etdiyinə görə, 'həmkarlarının sözlərinə əsasən, o, ərəb dilini mükəmməl bilir və Yaxın Şərqdə, o cümlədən müharibə bölgələrində zəngin iş təcrübəsinə malikdir'.

BBC bildirir ki, MI6 xarici ölkələrdə məlumat toplanması, düşmən dövlətlərin fəaliyyətinə qarşı mübarizə və terrorizmə qarşı tədbirlərlə məşğul olur. Kanal həmçinin Metrevelinin 2021-ci ildə MI5 xidmətində 'direktor K' təxəllüsü ilə "The Telegraph" qəzetinə verdiyi müsahibədən sitat gətirib. Müsahibədə o deyib ki, "Rusiya yox, amma Rusiya dövlətinin fəaliyyəti" Britaniya üçün təhdiddir. Çin barəsində isə o bildirib ki, bu ölkə "dünyanı dəyişir, bu isə Britaniya üçün həm inanılmaz imkanlar, həm də təhlükə yaradır".

Təyinatını şərh edən Metreveli deyib ki, o, "MI6-nın cəsur heyəti, agentləri və xaricdəki tərəfdaşlarımızla birlikdə işləməyə davam etməkdən məmnun olacaq". "Financial Times" qəzeti Bleys Metrevelinin "Şərqi Avropa kökləri" haqqında yazaraq, kəşfiyyat xidmətinin gələcək rəhbərinin soyadının gürcü mənşəli olmasına diqqət çəkib.

İsrail-İran gərginliyi fonunda neft qiymətləri də qalxır

Tehrandakı neft anbarına İsrailin hücumu
Tehrandakı neft anbarına İsrailin hücumu

İsrail və İran arasında münaqişənin dərinləşdiyi və qlobal neft tədarükünü təhdid etdiyi zamanda neft qiymətləri də bahalaşmağa davam edib və ötən həftədən bəri 7 faiz artıb.

"Brent" markalı xam neftin fyuçers qiymətləri 64 sent və ya 0.86 faiz artaraq bareli 74.87 dollara, ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 76 sent və ya 1.04 faiz artaraq 73.74 dollara çatıb.

İsrail həftəsonu İranın neft və qaz infrastrukturuna zərbələr endirib. İyunun 14-ü axşam saatlarında İranın Neft Nazirliyi məlumat yayıb ki, İsrail ölkənin əsas yanacaq anbarına və paytaxt Tehran yaxınlığındakı neft emalı zavoduna zərbələr endirib, ancaq vəziyyətin nəzarətdə olduğu bildirilib.

İsrailin şənbə günü həyata keçirdiyi zərbələr nəticəsində yaranan yanğından sonra İran qonşu Qətərlə paylaşdığı, dünyanın ən böyük qaz yatağı hesab olunan "Cənub Pars"da hasilatı qismən dayandırıb.

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olan İran hazırda gündə 3.3 milyon barel neft hasil edir və gündəlik 2 milyon bareldən çox neft və yanacaq ixrac edir.

İran həmçinin Hörmüz boğazı vasitəsilə neft tankerlərinin hərəkətinə maneə törətmək barədə gizli təhdidlər edib. Bu boğaz mühüm nəqliyyat yolu sayılır: Səudiyyə Ərəbistanı, Küveyt, İraq və İran neftini Çin və qlobal bazara çatdırmaq üçün bu dar su yolundan asılıdırlar.

Dünyada ümumi neft istehlakının təxminən 1/5-i bu boğazdan keçir.

ABŞ-nin Rusiyadakı səfiri vəzifəsindən gedir

Linn Treysi
Linn Treysi

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi vəzifəsindən gedir. Bu barədə ABŞ səfirliyinin Teleqram hesabındakı paylaşımında məlumat verilib.

"ABŞ-nin Rusiya Federasiyasındakı səfirliyindəki missiyasını tezliklə başa vuracaq səfir Linn Treysi ilə vidalaşmaq üçün 13 iyun Moskva vaxtı ilə saat 18:30-da xüsusi canlı yayıma qoşulun", - paylaşımda deyilir.

Səfirlik amerikalı diplomatın postundan gedəcəyi ilə bağlı əlavə məlumat verməyib.

Treysi 2023-cü ilin yanvarından ABŞ-nin Rusiyadakı səfiri vəzifəsində çalışır. O, daha əvvəl ABŞ-nin Ermənistandakı səfiri olub.

Rubio Rusiya xalqını təbrik edib

Marko Rubio
Marko Rubio

ABŞ Dövlət Departamentinin saytında dövlət katibi Marko Rubionun 12 iyun - Rusiya Günü münasibətilə təbriki dərc olunub.

Təbrikdə deyilir: "Amerika xalqı adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edirəm. ABŞ Rusiya xalqının daha parlaq gələcəyə doğru səylərini dəstəkləməyə sadiq qalır. Biz fürsətdən istifadə edərək Rusiya və Ukrayna arasında davamlı sülhə nail olmaq üçün ABŞ-nin Rusiya Federasiyası ilə konstruktiv əməkdaşlığa sadiqliyini bir daha təsdiqləmək istəyirik. Ümid edirik ki, bu sülh ölkələrimiz arasında qarşılıqlı faydalı münasibətlərin təməlini təşkil edəcək".

Rusiya Günü münasibətilə ABŞ Dövlət Departamentinin saytında sonuncu təbrik 2022-ci ildə dərc olunub. Həmin təbrik ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken tərəfindən imzalanmışdı.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

Londona uçan Hindistan təyyarəsi qəzaya uğrayıb [Video]

Hindistanda təyyarə qəzası
Hindistanda təyyarə qəzası

"Air India" aviaşirkətinə məxsus, göyərtəsində 242 sərnişinin olduğu təyyarə Hindistanın Qucarat əyalətindəki Əhmədabad hava limanının yaxınlığında yerləşən Meqxaninaqar rayonunda qəzaya uğrayıb. İlkin məlumata görə, faciə təyyarə havaya qalxdıqdan qısa müddət sonra baş verib.

"Biz Əhmədabaddan Londona uçan "Air India"nın AI171 reysi ilə bağlı qəza xəbərlərini izləyirik. Təyyarədən son siqnalı 08:08:51-də (UTC) almışıq, bu, təyyarə qalxdıqdan bir neçə saniyə sonra olub. Sözügedən təyyarə "Boeing 787-8 Dreamliner", qeydiyyat nömrəsi VT-ANB-dir", - Flightradar24 xəbər verir.

"Dreamliner" modeli "Boeing" şirkətinin istehsal etdiyi ən son təyyarə modellərindən biridir.

"India TV"nin məlumatına görə, təyyarə havaya qalxdıqdan dərhal sonra qəza siqnalı verilib. Əhmədabaddan Londona uçan təyyarənin göyərtəsində 12 ekipaj üzvü və 230 sərnişin olub. Sərnişinlərin 169-u Hindistan, 53-ü Böyük Britaniya, 7-si Portuqaliya, 1-i isə Kanada vətəndaşıdır.

Təyyarə sıx məskunlaşmış rayona, tibb kollecinin binasına düşüb. Kollec tələbələrindən də ölənlər olub.

Ümumilikdə 290 nəfərin həlak olduğu, bir sərnişinin sağ qaldığı bildirilir.

Özbəkistan miqrantlara basqına görə Rusiyaya nota göndərib

OMON-un Moskvadakı yataqxanada qanunsuz miqrantlara qarşı reydi.
OMON-un Moskvadakı yataqxanada qanunsuz miqrantlara qarşı reydi.

Özbəkistanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) nota göndərərək OMON-un Moskvada miqrantlar üçün yataqxanaya basqınına münasibət bildirməyi, Rusiya güc strukturlarının Özbəkistan vətəndaşlarına qarşı hərəkətlərinə hüquqi qiymət verməyi xahiş edib.

Bu barədə özünün Telegram-kanalında XİN-in mətbuat katibi Axror Burxanov məlumat verib. Onun sözlərinə görə, Moskvadakı insident Özbəkistan XİN-in rusiyalı həmkarları ilə iyunun 10-da baş tutan aylıq görüşündə müzakirə edilib. Özbəkistan XİN-in nümayəndələri Rusiya ərazisində qanunsuz axtarışlar və respublika vətəndaşları ilə kobud rəftar hallarından narahat olduqlarını bildiriblər.

"Biz belə halların ölkələrimiz arasında dostluq münasibətlərinə qətiyyən uyğun gəlmədiyinə və onların qarşısının alınması üçün konkret tədbirlərə ehtiyac olduğuna diqqət çəkdik", - XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

İyunun 8-də hüquq-mühafizə orqanları Moskvada miqrantlar üçün yataqxanada sərt reyd keçirib. Miqrasiya rejimini pozduğu iddia olunan bir neçə nəfərın saxlandığı bildirilir. Onların arasında sonradan ölkədən deportasiya edilən iki Tacikistan vətəndaşı da var. Reydin videosu sosial şəbəkələrdə geniş yayılıb.

Rusiya paytaxtında miqrant yataqxanasında baş verən insidentə Özbəkistanın ictimai xadimləri münasibət bildirib. Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerxodxon Kudratxoca Moskva OMON-unun hərəkətlərini "adi nasizm" adlandıraraq Özbəkistan vətəndaşlarını Rusiyaya əmək miqrasiyasından imtina etməyə və bunun üçün başqa ölkələri seçməyə çağırıb.

Bundan əvvəl Qırğızıstan vətəndaşlarının tez-tez gəldiyi Moskva hamamına polis basqını ilə əlaqədar bu Mərkəzi Asiya ölkəsinin Xarici İşlər Nazirliyi də etiraz notası verib.

Rusiya XİN Özbəkistan səfirliyindən notanın alındığını təsdiqləyərək daxil olan məlumatın "diqqətlə" araşdırıldığını vurğulayıb. XİN-dən bildirilib ki, Rusiya ilə Özbəkistan arasında münasibətlər "müttəfiqlik və strateji xarakter daşıyır, ikitərəfli gündəmdəki bütün məsələlər bu yanaşma ilə həll olunur".

Rusiya Dövlət Duması vahid dövlət messenceri haqqında qanunu təsdiqləyib

Vkontakte
Vkontakte

Rusiya Dövlət Duması sənədlərin saxlanması, mesajlaşma, dövlət və kommersiya xidmətləri, o cümlədən bank xidmətlərini özündə birləşdirən vahid tətbiqin yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənəd Dövlət Dumasının iyunun 10-da keçirilən iclasında eyni anda baş tutan ikinci və üçüncü oxunuşda qəbul edilib.

Belə bir tətbiqin yaradılması daha əvvəl prezident Putin tərəfindən dəstəklənib.

Xidmət 'Qosusluqi' portalındakı şəxsi kabinetdən və digər dövlət sistemlərindən məlumatların kağız sənədlər olmadan ötürülməsinə imkan verəcək. Onun vasitəsilə şəxsiyyəti təsdiqləmək və sənədləri təsdiqlənmiş elektron imza ilə imzalamaq mümkün olacaq. Təhsil xidmətləri və tədris müəssisələrinin rəsmi çatları bu platformaya inteqrasiya olunacaq.

İyunun əvvəlində Rusiya prezidenti Vladimir Putin hökumət və maliyyə xidmətlərinin vahid messencerdə birləşdirilməsi barədə tapşırıq verib. Qanun layihəsində yeni tətbiqin hansı şirkət tərəfindən hazırlanacağı göstərilməsə də, onun real rəqabət şəraiti olmadan istifadəyə veriləcəyi artıq məlumdur. Profil üzrə ixtisaslaşmış KİV-lərin məlumatına görə, qanun layihəsi VK şirkəti tərəfindən hazırlanmaqda olan "Max" adlı xidmət üçün nəzərdə tutulub.

Tətbiqin hazırlanması barədə martda 'Vedomosti' qəzeti yazmışdı. Şirkət (VK) artıq bir neçə ildir ki, prezident Putinin dostu Yuri Kovalçukun nəzarətində olan şirkətlər qrupuna daxildir. Şirkətə Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun oğlu və Kovalçukun qardaşı nəvəsi rəhbərlik edir.

"The Bell" yazıb ki, bu, artıq VK şirkətinin messencer istifadəyə verməyə yönəlmiş beşinci cəhdidir. Lakin şirkət indiyədək heç vaxt bu qədər güclü dövlət dəstəyi almayıb.

"The Bell"in digər yazısında bildirilib ki, Rusiyada messencer bazarına hazırda xarici şirkətlər nəzarət edir. Ölkə əhalisinin 97 milyonu hər ay "WhatsApp" tətbiqindən istifadə edir. Onun sahibi olan "Meta" şirkəti Rusiya hakimiyyəti tərəfindən "ekstremist təşkilat" kimi tanınıb. 90 milyon nəfər isə ofisi Dubayda yerləşən "Telegram" istifadəçisidir.

Avropa Komissiyası Rusiyaya qarşı 18-ci sanksiya paketinin detallarını açıqlayıb

İllüstrativ foto
İllüstrativ foto

Avropa Komissiyası 18-ci sanksiyalar paketində Rusiya neftinin satış qiyməti üçün həddin daha da endirilməsi (60 dollardan 45 dollara) və daha 22 Rusiya bankının SWIFT-dən çıxarılmasını təklif edib. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen məlumat verib.

Onun sözlərinə görə, Rusiya neftinin satış qiymətinin həddinin aşağı salınması məsələsi hələ G7 sammitində müzakirə ediləcək.

Avropa Komissiyası həmçinin "Şimal Axını"nın fəaliyyətini qadağan etməyi, Rusiyanın "kölgə donanması"nın daha 77 gəmisini sanksiyalar siyahısına salmağı, Rusiyaya yardım edən üçüncü ölkələrə sanksiyaların tətbiqini və Rusiya xammalından istehsal olunan neft məhsullarının ixracını yasaqlamağı təklif edir.

Ursula Fon der Lyayen deyib ki, Rusiyanın məqsədi sülh deyil, ona görə də Avropa Komissiyası Rusiya hökumətinə qarşı təzyiqi artırmaq üçün 18-ci sanksiya paketini qəbul edir.

Avropa İttifaqı 17-ci sanksiya paketini mayın 20-də qəbul edib. Həmin paketə Rusiyanın "kölgə donanması"nın 200-ə yaxın tankeri, sanksiyalardan yayınan 30 şirkət və hərbi sənaye kompleksi ilə əlaqəli 75 fiziki və hüquq şəxs daxil idi.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

Vəzifədən yenicə çıxarılan Qazaxıstan müdafiə naziri saxlanıb

Ruslan Jaksılıkov
Ruslan Jaksılıkov

Ötən həftə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə gözlənilmədən müdafiə naziri vəzifəsindən azad edilən Ruslan Jaksılıkov saxlanılıb və Astanada istintaq təcridxanasına salınıb.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Onun həbsinin təfərrüatları açıqlanmır.

"Elmedia" öz mənbələrinə istinadən yazır ki, keçmiş müdafiə naziri Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən saxlanılıb. "Güman edirik ki, bu, yeyinti ilə bağlıdır", - mənbə bildirib.

Jaksılıkov əvvəllər daxili işlər nazirinin müavini və Milli Qvardiyanın komandanı vəzifələrində çalışıb. 2022-ci ilin yanvar hadisələrindən sonra Qazaxıstanın müdafiə naziri təyin edilib. O zaman yanacaq qiymətlərinin yuxarı həddinin ləğvi səbəbindən başlayan kütləvi etirazlar genişmiqyaslı iğtişaşlara çevrilmişdi. İğtişaşların yatırılması üçün Qazaxıstan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib.

Jaksılıkovun nazir kimi fəaliyyəti ilə bağlı yazılarda bildirilib ki, son illərdə Qazaxıstanda məcburi hərbi xidmətə çağırış halları kəskin şəkildə artıb.

Jaksılıkovun müdafiə naziri vəzifəsindən azad edilməsinin səbəbi rəsmi olaraq açıqlanmayıb.

Avstriyada gimnaziyada atışma olub, ölənlər var

Polis məktəbin yaxınlığındakı küçədə
Polis məktəbin yaxınlığındakı küçədə

Avstriyanın Qrats şəhərində gimnaziyada baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, 20-dən çox yaralı var.

Bu barədə Avstriya mətbuatı məlumat yayıb. Atəş açan şəxsin gimnaziya şagirdi olduğu iddia edilir. Onun intihar etdiyi bildirilir.

Avstriyanın APA agentliyinin xəbərinə görə, ölənlər arasında həm şagirdlər, həm müəllimlər var. Agentlik 28 yaralıdan bir neçəsinin vəziyyətinin ağır olduğunu yazıb.

Hadisənin səbəbləri ilə bağlı, hələlik, rəsmi məlumat yoxdur.

İsrail Qreta Tunberqi deportasiya edib

Qreta Tunberq
Qreta Tunberq

İsrail 11 aktivistlər birlikdə "Madleen" yaxtası ilə Qəzza zolağına daxil olmağa cəhd edən iqlim fəalı Qreta Tunberqi deportasiya edib.

"Qreta Tunberq (Fransa vasitəsilə) İsveçə uçan təyyarə ilə İsraildən yenicə deportasiya edilib", - İsrail Xarici İşlər Nazirliyi (XİN) X platformasındakı paylaşımında bildirib.

Fəalların bəzilərinin də yaxın bir neçə saat ərzində İsrail ərazisini tərk edəcəyi gözlənilir. Deportasiya sənədlərini imzalamaqdan və İsraildən çıxmaqdan imtina edənlər isə, İsrail qanunvericiliyinə əsasən, məhkəmə qarşısına çıxarılacaq və onların deportasiyası ilə bağlı qərarı məhkəmə verəcək.

İsrail XİN-in məlumatına görə, hava limanında sərnişinləri onların mənsub olduqları ölkələrin konsulları qarşılayıb.

9 iyun

İsrail hərbçiləri yaxta ilə Qəzzaya yardım aparan Qreta Tunberqi saxlayıblar

"The Times of Israel" saytı İsrail Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb ki, İsrail hərbçiləri Qəzzaya doğru üzən və göyərtəsində iqlim aktivisti Qreta Tunberq və digər fəalların olduğu "Madleen" yaxtasını saxlayıblar.

"Hərbçilər gəminin göyərtəsinə qalxıblar. "Məşhurların selfi-yaxtası" təhlükəsiz şəkildə İsrail sahillərinə istiqamətlənir. Sərnişinlərin yaxın zamanda öz ölkələrinə geri dönəcəyi gözlənilir", - İsrail XİN bildirib.

Q.Tunberq də daxil olmaqla 12 fəalı daşıyan "Madleen" iyunun əvvəlində Siciliyadan yola düşüb. Gəmi ekipajı Qəzzaya humanitar yardım apardığını bildirib.

"Qəzza zolağına humanitar yardım çatdırmağın "Instagram" selfilərini ehtiva etməyən yolları da var", - İsrail XİN bildirib. Nazirlik fəalların gəmisindən götürülmüş "cüzi miqdarda" humanitar yardımın humanitar kanallar vasitəsilə Qəzzaya göndəriləcəyini vəd edib.

Diplomatlar vurğulayıb ki, Tunberq və onun tərəfdaşları təxribat yaratmağa cəhd ediblər.

"Qreta və digərləri... bir yük maşınından da az humanitar yardım ilə media təxribatı təşkil etməyə çalışdıqları vaxtda son iki həftə ərzində İsraildən Qəzzaya 1200-dən çox yük maşını humanitar yardım çatdırılıb. Bundan əlavə, Qəzza Humanitar Fondu mülki şəxslərə birbaşa olaraq təxminən 11 milyon porsiya yemək paylayıb", - İsrail XİN-in bəyanatında bildirilib.

İsrail hərbçiləri fəallara 7 oktyabr 2023-cü ildə ölkə ərazisinə daxil olan və insanları girov götürən HƏMAS (ABŞ və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır) döyüşçülərinin üzərindəki kameraların görüntülərini nümayiş etdirməyi planlaşdırır. Bildirilir ki, 43 dəqiqəlik video senzurasız, izlənməsi çətin olan kütləvi qırğın səhnələrini əks etdirir.

Azərbaycana keçdiyi bildirilən erməni yeniyetmələr tapılıb

Sünik
Sünik

Sünik vilayətinin Teğ icmasının itkin düşmüş iki yeniyetmə sakini tapılıb, onlar hazırda Ermənistandadır. Bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Azərbaycan tərəfi onların saxlanması faktını təsdiqləməyib və hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

"Karen Canqiryan və Andrey Qyaqunts Teğ icmasındadırlar, sağlamlıq durumları yaxşıdır". Bu haqda icma rəhbərliyi Facebook-da yeniyetmələrin fotosunu yerləşdirərək yazıb.

Ermənistan iki yeniyetmənin azıb Azərbaycana keçdiyini bildirir

Ermənistanın Sünik vilayətinin iki yeniyetmə sakininin azaraq Azərbaycan ərazisinə keçdiyi bildirilir. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

"Alınan məlumata görə, Ermənistanın Sünik bölgəsinin Teğ kəndinin sakinləri Karen Canqiryan və Andrey Qyaqunts 2025-ci il iyunun 6-sı gecə saat 01:20 radələrində Sünik vilayətinin Aravus kəndinin yaxınlığında yolunu azaraq Azərbaycan ərazisinə giriblər", - məlumatda bildirilir.

Teğ kənd şurasının üzvü Arqam Ovsepyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, hadisə gecə yarısından sonra oğlanlar atları gətirməyə gedən zaman baş verib. Ovsepyanın sözlərinə görə, onlar azıblar və Azərbaycan ərazisinə keçiblər.

Rusiya Ukraynaya intensiv dron və raket zərbələri endirir

Kiyev
Kiyev

Ukrayna prezidenti Volodimir Zelenski iyunun 6-da ölkəsinin bir çox hissəsinə Rusiyanın kütləvi hücumlarını pisləyib.

"Rusiya öz çizgisni dəyişmir - şəhərlərə və adi həyata qarşı növbəti kütləvi zərbələr", - Zelenski bildirib.

O əlavə edib ki, hücumda 400-dən çox dron və 40-dan çox raket, o cümlədən ballistik raketlər də istifadə olunub.

Prezident Zelenskinin sözlərinə görə, son hücumlarda 49 nəfər yaralanıb və bu rəqəm arta bilər.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Teleqram hesabındakı paylaşımında bildirib ki, ən azı 4 nəfər həlak olub. Onlardan üçü — Pavlo Yezhor, Danilo Skadin və Andriy Remenni — hücum vaxtı insanlara yardım göstərən yanğınsöndürənlərdir.

Zelenski beynəlxalq ictimaiyyəti, xüsusilə də ABŞ və Avropanı daha sərt addımlar atmağa çağırıb.

"Əgər kimsə təzyiq göstərmirsə və bu müharibəyə daha çox insan həyatını almağa zaman verirsə, bu, suç ortaqlığıdır", - deyə o xəbərdarlıq edib.

"Biz qətiyyətlə hərəkət etməliyik", - Zelenski vurğulayıb.

İyunun 6-da Kiyev şəhərinin meri Vitali Kliçko gecə Kiyevə raket və pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 4 nəfərin öldüyünü təsdiqləyib və əlavə edib ki, "bir neçə yerdə axtarış-xilasetmə əməliyyatları davam edir".

Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə bildirib ki, dronlar şəhərin şərq tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının yuxarı mərtəbələrinə düşüb və orada yanğın başlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri şəhərin dronlar və "Kalibr" qanadlı raketləri ilə hədəfə alındığını bildirib.

ABŞ prezidenti Donald Tramp iyunun 4-də bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın bu yaxınlarda Rusiya aerodromlarına hücumına cavab verəcəyi barədə xəbərdarlıq edib.

DÇ-2026-da Özbəkistan da olacaq

Özbəkistan millisi
Özbəkistan millisi

Özbəkistan millisi tarixində ilk dəfə futbol üzrə Dünya Çempionatına (DÇ) vəsiqə qazanıb.

DÇ-2026-nın Asiya seçmə mərhələsinin 9-cu turunda Özbəkistan komandası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə heç-heçə oynayıb – 0:0

Özbəkistan yığması 18 xal toplayaraq A qrupunda ən azı ikinci yeri vaxtından əvvəl təmin edib.

İran komandası da (20 xal) A qrupundan 2026-cı il turnirinin final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Paşinyanla Ərdoğan regiondakı vəziyyəti müzakirə ediblər

N.Paşinyan və R.T.Ərdoğan
N.Paşinyan və R.T.Ərdoğan

Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Paşinyan Türkiyə prezidentini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

Prezident Ərdoğan isə Ermənistan baş naziri Paşinyanı 2026-cı ilin yazında Yerevanın Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi münasibətilə təbrik edib.

Qeyd olunub ki, Paşinyan və Ərdoğan Ermənistan-Türkiyə münasibətlərini və regional vəziyyəti müzakirə ediblər və dialoqu davam etdirmək barədə razılığa gəliblər.

'Türkiyə ilə münasibətlərimiz fəal və səmərəlidir'

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 5-də parlament komitəsində büdcə hesabatının müzakirəsi zamanı bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin olmamasına baxmayaraq, iki ölkə arasında çox fəal və effektiv dialoq qurulub.

"Türkiyə ilə rəsmi diplomatik əlaqələrimiz olmasa da, diplomatik əlaqələr olan bir çox digər ölkələrlə müqayisədə bizim daha fəal və səmərəli dialoqumuz var. Təbii ki, kim desə ki, artıq bu dialoqun sahədə real nəticələr verməsinin vaxtıdır, haqlıdır", - Mirzoyan vurğulayıb.

Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.

Davamı

XS
SM
MD
LG