Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:54

Tramp İsraili və İranı sülh sazişi bağlamağa çağırıb. Ölənlərin sayı artır


Hər iki tərəfdə itkilər artır
Hər iki tərəfdə itkilər artır

İyunun 15-dən 16-na keçən gecə İsrailin mərkəzi hissələrinə İranın raket zərbələri nəticəsində azı 8 nəfər həlak olub, təxminən 300 nəfər yaralanıb.

Petah-Tikva, Hayfa və Təl-Əvivin ətrafındakı yaşayış məntəqələrində yaşayış binaları dağılıb və ya zədələnib. Axtarış-xilasetmə işləri aparılır, dağıntılar altında insanların qalma ehtimalı var.

İsrail İranı mülki obyektləri hədəf almaqda ittiham edib. İran rəsmiləri isə bildirirlər ki, onlar Tehranın raket və nüvə proqramına qarşı İsrailin əməliyyatına cavab verirlər.

Artıq üç gündür davam edən hava zərbələri nəticəsində İsraildə təxminən 20 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

İranın Səhiyyə Nazirliyi isə bildirib ki, münaqişə başlayandan bəri ölkədə 224 nəfər həlak olub, xəsarət alan mindən çox adam xəstəxanalara yerləşdirilib. Nazirliyin məlumatına görə, xəsarət alanların 90 faizi mülki şəxslərdir.

ABŞ-də yerləşən "Human Rights Activists in Iran" hüquq-müdafiə təşkilatı isə həlak olanların sayının 400-dən çox ola biləcəyini ehtimal edir.

Trampdan sülh sazişi çağırışı

ABŞ prezidenti Donald Tramp İsraillə İranı sülh sazişi bağlamağa çağırıb.

"İran və İsrail saziş bağlamalıdırlar. Hindistanla Pakistanı saziş bağlamağa məcbur etdiyim kimi, onlar da bağlayacaqlar...", – Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Prezident daha öncə "ABCNews"a müsahibəsində deyib ki, Vaşinqton İsrail-İran münaqişəsinə müdaxilə edə bilər. Amma onu da vurğulayıb ki, hazırda ABŞ bu münaqişədə iştirak etmir.

"Biz bunda iştirak etmirik. Amma iştirakımız mümkündür", - o deyib.

Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarında vasitəçiliyini istisna etməyib. "O hazırdır. Mənə bununla bağlı zəng etmişdi. Biz bunu uzun-uzadı müzakirə etdik", – Tramp bildirib.

İranın xarici işlər naziri Abbas Ərağçi isə deyib ki, Tehran nüvə silahından imtinaya təminat verən saziş bağlamağa hazırdır.

"Biz İranın nüvə silahı olmayacağına təminat verəcək istənilən sazişə hazırıq. Bizim də prinsipimiz odur ki, nüvə silahı qadağandır. Amma əgər məqsəd İranın nüvə hüquqlarını almaqdırsa, təbii ki, belə bir sazişə hazır deyilik", – Ərağçi iyunun 15-də xarici səfirlərlə görüşdə deyib.

İran iyunun 15-də ABŞ ilə nüvə danışıqlarının növbəti raundunda iştirakdan imtina edib. Ərağçinin sözlərinə görə, İran razılaşmaya gətirəcək plan təqdim etməyi planlaşdırdığı bir vaxtda ABŞ qəbuledilməz şərtlər irəli sürüb.

Yəməndəki husilər də İranla koordinasiyalı hərəkət edərək İsrailə raket atdıqlarını bildiriblər.

İsrailin Tehrana zərbəsindən sonra dağıntılar
İsrailin Tehrana zərbəsindən sonra dağıntılar

Sadə vətəndaşlar qorxu və əzab hisslərini təsvir edir

Raketlərin yaşayış ərazilərinə düşməsi nəticəsində ölüm hallarının, dağıntıların və panikanın baş verdiyi bir vaxtda, həm İsraildə, həm də İranda sadə insanlar qorxu və narahatlıq keçirirlər.

Adını açıqlamayan Tehran sakini iyunun 15-də AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib ki, gecə saat 03:00 radələrində o və ailəsi evlərini "yerdən silkələyən" çox güclü partlayış səsinə oyanıblar.

"Partlayışlar bir-birinin ardınca davam edirdi. Bina titrəyirdi. Bu bizdə böyük bir qorxu yaratdı", - qadın bildirib.

"Normal gündəlik həyatımız faktiki olaraq pozulub. Gecələr yata bilmirik. Sakit qalmağa çalışırıq, amma bu, həqiqətən? çox çətindir", - o əlavə edib.

Tehranda yaşayan başqa bir qadın isə bildirib ki, onun azyaşlı qohumu dayanmadan ağlayır, "məndən soruşur ki, biz sağ qalacağıqmı?".

Yaşlı bir Tehran sakini isə "Radio Fərda"ya deyib ki, bu hücumlar ona 1980-ci illərdə İran-İraq müharibəsi zamanı şahidi olduğu ağır bombardımanları xatırladır.

"Bu, çox dəhşətlidir... Hər şey yenidən gözümün önünə gəlir və mən çox stress keçirirəm", - qadın bildirib.

XS
SM
MD
LG