Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 13:57

'Vaqner'in tərkibində Ukraynaya qarşı döyüşən Özbəkistan vətəndaşı cəzalandırılıb


"Vaqner" döyüşçüsü
"Vaqner" döyüşçüsü

Gazeta.uz yazır ki, Özbəkistan məhkəməsi Rusiya tərəfində Ukraynaya qarşı döyüşən 25 yaşlı gənc barəsində 5 il müddətinə azadlığın məhdudlaşdırılması barədə hökm çıxarıb. Özbəkistan vətəndaşı muzdluluqda təqsirli bilinib.

Məhkəmə materiallarına görə, adı açıqlanmayan təqsirləndirilən şəxs 2021-ci ilin iyulunda qazanc üçün Rusiyaya gedib. Onun dediyinə görə, o, Moskva vilayətində bir anbarda işə düzəlib, ancaq orada cəmi üç gün işləyib. Daha sonra ona bildirilib ki, iş yoxdur və onu digər miqrantlarla birgə Samara vilayətində işləməyə göndərirlər.

2021-ci ilin avqustunda o və bir neçə miqrant Samaranın Kirov rayonuna gəliblər, orada onları Tacikistan vətəndaşı qarşılayıb. 2021-ci il sentyabrın 11-də o, bir bağlamanı çatdırmalı idi, lakin yolda polis əməkdaşları tərəfindən saxlanılıb. Polis onun telefonunu və əşyalarını müsadirə edib, axtarış zamanı onun daşıdığı bağlamadan içərisində heroin olan yaşıl paket aşkarlanıb. Daha sonra polis əməkdaşları özbək miqrantla birlikdə bağlamanın çatdırılmalı olduğu ünvana yollanıblar, lakin həmin vaxta qədər Tacikistan vətəndaşı artıq oradan yoxa çıxıb.

Özbəkistan vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 2022-ci ilin martında 8 il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin ilin noyabrında, Samara vilayətində yerləşən 26 saylı koloniyada cəza çəkdiyi vaxt, o, "Vaqner" özəl muzdlu hərbi şirkətinə qoşulub. Onun sözlərinə görə, məhkumlar arasından Mərkəzi Asiya ölkələrindən olan şəxsləri ayırıblar və onlardan bir qismi imtina etdikdə "Vaqner" nümayəndələri hamının gözü qarşısında imtina edən üç nəfəri güllələyib. Nəticədə Mərkəzi Asiyadan olan təxminən 200 məhkum müqavilə imzalamağa məcbur edilib.

Geri çəkilənlərin güllələnəcəyi deyilib

Onların təlimi Ukraynanın Donetsk vilayətinin işğal olunmuş ərazisində keçirilib, ardınca isə onları Soledar yaxınlığında səngər qazmağa göndəriblər. Bundan sonra o, döyüşə göndərilib və cəbhədə təxminən dörd ay xidmət edib. Bu müddətdə ayağından yaralanıb və hospitala yerləşdirilib.

Onun sözlərinə görə, döyüş meydanında həlak olanları yalnız tanınma nişanı olduqda götürüb dəfn edirdilər; nişanı olmayanlar isə meydanda qalırdı. Bundan əlavə, o bildirib ki, onlara geri çəkilənlərin güllələnəcəyi deyilib və hospitalda özbək dilində danışmaq qadağan olunub.

Müharibədə iştirakına görə o, vaxtından əvvəl azadlığa çıxıb, Rusiya vətəndaşlığı alıb, ona 500 min rubl məbləğində pul ödənişi edilib. "Cəsurluğa görə" medalı, eləcə də "Soledarın alınmasına görə" ("Vaqner"ə məxsus mükafat) medalları ilə təltif olunub. Daha sonra o, müharibədən qayıdanların bəzilərinin yenidən zorla aparıldığını öyrənib və 2024-cü ilin oktyabrında Özbəkistana qayıdıb. Ölkəsinə qayıtdıqdan sonra o, dərhal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məhkəmə zamanı o, törətdiyi əməldən peşman olduğunu bildirib, ailədə yeganə çörək gətirən şəxs olduğunu, atasının birinci qrup əlil olduğunu və işləmək qabiliyyətindən məhrum olduğunu qeyd edib. O, məhkəmədən bu hallar nəzərə alınaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan bir cəza təyin edilməsini xahiş edib.

XS
SM
MD
LG