Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 13:56

ABŞ İranla artan gərginlik fonunda Bağdaddakı səfirliyində işçiləri azaldır


ABŞ Yaxın Şərqdə diplomatlarının sayını azaldır
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

ABŞ Yaxın Şərqdə diplomatlarının sayını azaldır

ABŞ Dövlət Departamenti iyunun 11-də bildirib ki, ABŞ Yaxın Şərqdə fəaliyyət üçün zəruri olmayan şəxslərin sayını azaldır. Bu açıqlama regionda artan təhlükəsizlik riskləri fonunda Bağdaddakı ABŞ səfirliyinin təcili təxliyəyə hazırlaşdığına dair məlumatların yayıldığı bir zamanda gəlib.

ABŞ həmçinin Bəhreyn və Küveytdəki zəruri olmayan əməkdaşlara və onların ailə üzvlərinə ölkəni tərk etməyə icazə verir və onların getmək və ya qalmaq seçimini tanıyır.

İraq Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi ABŞ səfirliyinin əməkdaşlarının "məhdud sayda" çıxışını təsdiqləyib və qərarın regional gərginliklə bağlı mümkün təhlükəsizlik narahatlıqları əsasında verildiyini bildirib.

ABŞ və İran arasında nüvə danışıqlarının dalana dirənməsi və 18 aydır Qəzzada davam edən müharibədən sonra regionda gərginliyin artması bunun daha geniş müharibəyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırır.

Danışıqların məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ABŞ-nin tətbiq etdiyi bəzi iqtisadi sanksiyaların ləğv olunmasıdır. İran isə israrla nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir.

İran tərəfi bəyan edib ki, ABŞ ilə danışıqların növbəti raundu iyunun 15-də Omanda keçiriləcək. İran ali dini lider Əli Xameneinin "100 faiz" milli maraqlara zidd adlandırdığı, ABŞ-nin təklif etdiyi sazişi rədd etdikdən sonra onun əvəzində cavab təklifi üzərində işləyir.

ABŞ mətbuatının ölkə rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Muskatda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək və İranın cavabını müzakirə edəcək.

ABŞ-nin İraq, Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərində hərbi mövcudluğu var.

"Reuters"in ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Qətərdəki "Əl-Udeyd" hərbi hava bazasının statusunda heç bir dəyişiklik yoxdur və ölkənin Qətərdəki səfirliyinin əməkdaşları və ya onların ailələri üçün heç bir təxliyə əmri verilməyib.

Prezident Donald Tramp zəruri olmayan əməkdaşlara getmək imkanı verilməsi barədə xəbərlərə cavab olaraq, insanların "təhlükəli" Yaxın Şərqdən köçürüldüyünü deyib.

"Nə baş verəcəyini görəcəyik", - Tramp Vaşinqtonda Kennedi Mərkəzinə daxil olarkən bildirib. "Onların nüvə silahı ola bilməz", - Tramp İran və nüvə danışıqlarına işarə edərək əlavə edib.

İyunun 11-də dərc olunan müsahibədə Tramp bildirib ki, onun İranın nüvə proqramı ilə bağlı razılığa gələcəyinə olan inamı bir neçə ay öncəki vəziyyətə nisbətən xeyli azalıb.

İyunun 11-də yayımlanan "The New York Post" podkastında danışan Tramp bildirib ki, Tehranın nüvə fəaliyyətlərini dayandırmasına nail olub-olmayacağını bilmir.

"Bilmirəm. Əvvəl belə düşünürdüm, amma getdikcə bu barədə inamım daha da azalır", - ABŞ prezidenti deyib.

"Görünür, onlar işi yubadırlar, bu, utancvericidir. İndi bir neçə ay öncəkindən daha az inamlıyam. Onlara nəsə olub", - o, iyunun 9-da müsahibəsində bildirib.

Tramp diplomatiya uğursuz olarsa, İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatı istisna etməyib. ABŞ kəşfiyyatı isə danışıqların iflasa uğrayacağı təqdirdə İsrailin İranı vurmağa hazırlaşdığını deyir.

İranın müdafiə naziri Əziz Nəsirzadə iyunun 11-də bildirib ki, nüvə danışıqları uğursuz olarsa və Vaşinqtonla münaqişəyə başlayarsa, Tehran regiondakı ABŞ bazalarını vurmaqla cavab verəcək.

İranın BMT-dəki nümayəndəliyi isə X platformasındakı paylaşımında qeyd edib ki, güc tətbiqi ilə bağlı təhdidlər "faktları dəyişməyəcək: İran nüvə silahı əldə etməyə çalışmır və ABŞ hərbi təcavüzkarlığı yalnız qeyri-sabitliyi artırır".

XS
SM
MD
LG